İnvestorların böyük maraqla qarşıladığı və 15 yanvar tarixindən satışda olan SOCAR-ın yeni istiqrazları daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olub.
Ölkəmizin “yaşıl” enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə buraxılan “yaşıl” istiqrazlara tələb artaraq davam etməkdədir.
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilib ki, 28 fevral tarixində abunə yazılışı yekunlaşacaq olan “yaşıl” təyinatlı istiqrazlara 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərində, ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərində və ABB, “Birbank”, “Bank Respublika” və “PAŞA Kapital” İnvestisiya Şirkətinin mobil tətbiqləri vasitəsilə abunə yazılmaq mümkündür.
“PAŞA Kapital”ın anderrayteri olduğu SOCAR-ın yeni istiqrazlarının hər birinin dəyəri 1000 ABŞ dolları təşkil edir. İllk 6% gəlir imkanı ilə buraxılan istiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödəniləcək və sahiblərinə 5 illik müddət ərzində stabil gəlir qazandıracaq.
“SOCAR Capital”ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu qeyd edib ki, “SOCAR-ın indiyədək buraxdığı hər iki istiqraz 9 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqrazlardır və mövcud gedişatdan bəlli olur ki, daha böyük həcmdə buraxılmış (200 milyon ABŞ dolları) yeni “yaşıl” təyinatlı istiqrazlar da həmin ənənəni uğurla davam etdirəcək”.
Xatırlatmaq istərdik ki, SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi və socaristiqraz.az veb-saytı, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.