2025-ci il 8 dekabr tarixində SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə üçüncü faiz ödənişi edilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).
2025-ci ilin 15 yanvar tarixində ölkəmizin “yaşıl” enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.
Cari ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16,670 milyon ABŞ dolları məbləğində 423 ədəd əqd bağlanıb.
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 82,4 milyon ABŞ dolları məbləğində ticarət aparılıb. Bağlanan əqdlərin sayı 1566-dır (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 36,5%-ini təşkil edib).
Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 52 milyon ABŞ dolları məbləğində faiz ödənişi edilib.
“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonuna qədər sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.











