İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac sentyabrın 15-də təşkil ediləcək.
Eləcə də bax: Azərbaycanda 14 dövlət əmlakı - ÖZƏLLƏŞDİRİLİB
FED.az xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, hərraca quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid 23 müəssisə çıxarılıb. Özəlləşdirməyə açılmış səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://bit.ly/3l2Fde7 linki vasitəsilə tanış olmaq mümkündür.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü Əmlak Xidmətləri Məkanına gələrək elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (emlak.gov.az) və ya özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.