Azərbaycanda yüzminlərlə evin çıxarışı yoxdur. Bu hal təkcə paytaxt ərazisini deyil, rayonları da əhatə edir.
Bəzən sənədsiz evlərin və obyektlərin söküldüyünün də şahidi oluruq. Bəs sənədi olmayan evlər hansı hallarda sökülə bilər?
Əmlak eksperti Elnur Fərzəliyev Azərbaycanda daşınmaz əmlakın sökülməsinin bir neçə formada həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, torpaqların dövlət ehtiyacı üçün alınması, yolların genişləndirilməsi, inzibati binaların tikilməsi zamanı və ərazi seysmik zonada yerləşərsə, sənədsiz evlər sökülə bilər.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirlib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər Nazirlər Kabinetindədir. Sənədsiz evlərin sökülməsi ilə bağlı qərar da birbaşa hökumətin tapşırığı ilə həyata keçirilir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə hər hansı tapşırıq verilməyib.