1 fevral 2023-cü il tarixindən etibarən fiziki şəxslər 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.
Sabahdan bəzi səhm və istiqrazlar üzrə gəlirlər - VERGİDƏN AZAD EDİLƏCƏK
FED.az xəbər verir ki, Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, 13 may 2022-ci il tarixində Kapital bazarında əlverişli vergi mühitinin formalaşdırılması istiqamətində Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilmişdir (https://meclis.gov.az/documents/534-VIQD.pdf).
09 iyun 2022-ci il tarixində “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanun”u qəbul edilmiş qanuna əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 102.1.22-2-ci maddə əlavə edilmişdir. Bu maddə 2023-cü il fevralın 1-dən etibarən fiziki şəxslərin yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin 5 il müddətinə vergidən azad edilməsini nəzərdə tutur.
Dəyişikliklərə əsasən istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaqdır. Eyni zamanda hüquqi şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi müəyyən edilmişdir.
Qeyd edilən dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.