Mən 1 il ərzində səhmdarı olduğum “XYZ” ASC-də özümə məxsus səhmləri 2024-cü ilin fevral ayında satmışam. Səhmin satışı ilə bağlı bank əməliyyatları üzrə tərəfimdən müvafiq banka məbləğin 1 faizi miqdarında komisyon haqqı ödənilib. Bilmək istərdim ki, çəkilmiş bank xərcləri səhm satışına görə gəlir vergisi hesablanarkən gəlirdən çıxılırmı?
ABB-nin səhmlərini almaq üçün «növbəyə dayanıblar» – 10 GÜNDƏ 6000 SİFARİŞ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.
Eyni zamanda, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə 2024-cü ilin yanvarın 1-dən əlavə edilmiş yeni müddəaya görə, iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən digər xərclər də çıxılır.
Qeyd olunanlara əsasən, səhmlərin təqdim edilməsi əməliyyatı üzrə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, gəlir vergisi hesablanarkən bu təqdimetmə ilə bağlı çəkilmiş bank xərcləri də gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 96.5-ci maddəsi