Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsinə həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib.
AYİB-in istiqrazları Bakı Fond Birjasında yerləşdirildi – “Açılış Zəngi” mərasimi keçirildi
FED.az xəbər verir ki, tədbirdə çıxış edən “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib ki, istiqraz bazarında əsas prioritetlərdən biri bazarın dərinliyinin artırılması və mümkün qədər daha çox borc bazarı məhsullarının cəlb edilməsidir.
“Bu günkü emissiya özü bir tarixi hadisədir. Azərbaycan bazarında çox aktiv fəaliyyəti olan beynəlxalq maliyyə qurumu emissiya həyata keçirir. İlk dəfədir ki, bu emissiya dəyişən faiz dərəcəsi ilə, istinad faizi əsasında baş tutur. Bu emissiya bazarın dərinləşməsinə xidmət edən bir hadisə olacaq,” – deyə R.Xəlilov qeyd edib.
Onun sözlərinə görə, bu emissiya bazarda ilkin törəmə maliyyə alətlərinin formalaşması üçün baza rolunu oynayacaq: “Ən azından bazar iştirakçılarının öz aralarında svap əməliyyatları həyata keçirməsini gözləyirəm. Bundan əlavə, bu, likvidliyin və bazar aktivliyinin möhkəmlənməsinə dəstək olacaq.”