Moskva birjası yeni sanksiyalar fonunda valyuta bazarında ticarəti təxirə saldı. Fevralın 28-də valyuta bazarlarında hərraclar saat 10:00-da açılacaq.
Eləcə də bax: Rus rublu çökür - 1 dollar 118 rubl oldu!
Moskva Birjası Mərkəzi Bankın qərarına əsasən fevralın 28-də valyuta bazarlarında ticarətə Moskva vaxtı ilə saat 10:00-da başlayacaq.
FED.az xəbər verir ki, bu barədə Birjadan bildirilib.
Ticarət meydançası qeyd edib ki, valyuta bazarında valyuta repo əməliyyatları üzrə ticarət və hesablaşmalar aparılmayacaq.
Birja səhm və törəmə alətlər bazarlarında nə vaxt ticarətin başlayacağını daha sonra elan edəcəyinə söz verib.
Moskva Birjası ötən həftə xəbərdarlıq etmişdi ki, bazar ertəsi fond və fyuçers bazarlarında səhər ticarət sessiyası olmayacaq. Adətən birjada ticarət səhər saat 7:00-da başlayır (səhər sessiyası).
Fevralın 28-də Sankt-Peterburq Birjasında da ticarət dayandırılıb.
Fevralın 28-nə keçən gecə Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatla bağlı Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Belə ki, Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib. Məhdudiyyətlər tənzimləyicinin adından və ya onun göstərişi ilə fəaliyyət göstərən istənilən hüquqi şəxslərə də şamil edilir.
Bundan əvvəl Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşü keçirilib və onun ardınca Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Qərb ölkələri Rusiya Mərkəzi Bankının “maliyyə ehtiyatlarının” təxminən yarısını bloklayacaq. Bundan əlavə, xarici işlər nazirləri bəzi Rusiya banklarının SWIFT-dən ayrılması barədə razılığa gəliblər.
Fevralın 28-dən Mərkəzi Bank Rusiya brokerlərinə xarici müştərilərin adından qiymətli kağızların satışını müvəqqəti olaraq qadağan edib. (Marja)