Son bir neçə gün ərzində həm kriptovalyutaların, həm də səhmlərin qiymətlərində kəskin eniş makroiqtisadi və kriptovalyutaya xas amillərin əlaqəsi ilə izah edilə bilər, hərçənd birincisi hazırda daha ağlabatan görünür.
FED.az xəbər verir ki, bu barədə dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance” şirkətinin baş direktoru Riçard Tenq bildirib.
Onun sözlərinə görə, makroiqtisadi nöqteyi-nəzərdən ötən həftə Uoll-stritdə əhəmiyyətli dəyişikliklərlə yadda qalıb. Əsas indekslər və fond bazarı üçün fyuçerslər tənəzzüllə bağlı artan əndişələr səbəbi ilə həftənin sonuna doğru kəskin şəkildə aşağı düşüb. Sözügedən əndişələr cümə günü ABŞ-nin məşğulluq üzrə hesabatı ilə daha da artmışdır ki, bu da iqtisadi artımın davamlılığı ilə bağlı narahatlığa səbəb olmuşdur. Bundan əlavə, davam edən geosiyasi gərginlik bazarda qeyri-müəyyənliyə və qeyri-sabitliyə səbəb olmuşdur.
Kriptovalyutalara açıq nəzər salsaq, tənəzzül əndişəsinin səbəb olduğu ümumi bazar satışı rəqəmsal valyutaları əvvəlkitək əhatə edən yüksək riskli aktivlərdən kapitalın yenidən bölüşdürülməsinə gətirib çıxarıb. Bu hərəkət ABŞ-də prezident seçkiləri yarışındakı son dəyişikliklərlə güclənib. Həmin dəyişiklikləri bəzi bazar iştirakçıları aktivlərin sinfi kimi kriptovalyutalar üçün daha az münasib hesab edirlər. Nəhayət, kriptovalyuta bazarında yay ayları ilin digər ayları ilə müqayisədə tarixən daha sakit keçib və davamlı olaraq aşağı gəlirlər əldə edilib. Görünür, bu mövsümi dinamikalar da rol oynayır.
"Qeyd edilmiş problemlərə baxmayaraq, biz bunu kriptovalyuta bazarı üçün uzunmüddətli mənfi tendensiyanın əlaməti kimi görmürük. Federal Ehtiyat Sisteminin sentyabr ayında faiz dərəcələrini aşağı salacağı gözlənilir ki, bu da ABŞ iqtisadiyyatı üçün perspektivləri yaxşılaşdırmalıdır. Bundan başqa, hələ qarşıda prezident seçkiləri olduğundan bazar qiymətlərinin dəyişmələri üçün əhəmiyyətli potensial qalır. Seçkilər yaxınlaşdıqca bazara hər iki istiqamətdə təsirləri görəcəyik, belə ki, namizədlər öz mövqelərini kriptovalyutalar üzrə dəqiqləşdirirlər"-deyə Riçard Tenq bildirib.