“Regional” BOKT MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar listinqinə daxil edilib
FED.az xəbər verir ki, 19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Regional” BOKT” Məhdud Məsuliyyətli Cəmiyyətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
AZ2004023407 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 24 oktyabr 2025-ci il tarixində yekunlaşıb. “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.19-cu bəndinin tələblərinə cavab verdiyinə görə, adıçəkilən istiqrazlar Standart Bazar Listinq seqmentinə daxil edilib.
İstiqrazların emissiya prospekti ilə tanış olmaq üçün BFB-nin rəsmi internet səhifəsindəki “Emitentin profili” bölməsinə müraciət etmək mümkündür.
Qeyd edək ki, istiqrazlar hər biri 100 manat dəyərində ümumi 10 000 ədəd istiqraz, ümumilikdə isə 1 milyon manat dəyərində faizli, təminatsız, sənədsiz və adlı formada olan istiqrazlardır.
Ticarət kütləvi / birqiymətli hərrac üsulu ilə həyata keçirilib.
İstiqrazların kupon faizi 16%, ödəniş periodu isə hər 30 təqvim günündən bir müəyyənləşdirilib.
İstiqrazların tədavül müddəti 2 ildir.
Ümumilikdə 54 investor tərəfindən 54 sifariş daxil olub. Hərracın anderrayteri “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-dir.













