"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
- AR Maliyyə Nazirliyi 2023-cü il ərzində 1.1 milyard AZN 1 illik, 1 milyard AZN 2 illik, 1.6 milyard AZN 3 illik və 70 milyon AZN 5 illik istiqrazlar olmaqla, ümumilikdə 3.874 milyard AZN həcmində istiqraz yerləşdirmişdir. Həmçinin, 2023-cü ildə AR Maliyyə Nazirliyinin 1.6 milyard AZN həcmində istiqrazlarının müddəti bitmiş və nominal məbləğlər investorlara qaytarılmışdır. Təkcə dekabr ayında 757 milyon AZN istiqraz yerləşdirilmiş, son hərraclarda istiqrazların gəlirliliklərində əsaslı azalmalar müşahidə olunmuşdur. 1 illik istiqrazlarda gəlirlilik 6.00%, 2 illik istiqrazlarda 6.11%, 3 illik istiqrazlarda 6.30% olmuşdur.
- 2023-cü ildə AR Mərkəzi Bankı sterilizasiya məqsədli 1, 3, 6 və 9 aylıq, həmçinin, 7 günlük notlar yerləşdirmişdir. İl ərzində 62.5 milyon AZN 7 günlük, 662 milyon AZN 1 aylıq, 835 milyon AZN 3 aylıq, 811 milyon AZN 6 aylıq və 897 milyon AZN 9 aylıq notlar olmaqla, ümumilikdə 3.3 milyard AZN not yerləşdirmişdir. Son hərraclarda ortaölçülmüş gəlirliliklər 1 aylıq notlarda 7.11%, 3 aylıq notlarda 7.23%, 6 aylıq notlarda 7.54%, 9 aylıq notlarda 7.50% olub.
- Ötən ayın sonu Azərbaycanda iqtisadi artım məlumatı açıqlanmışdır. ÜDM artımı 0.8% olmuşdur.
Qlobal bazar
- ABŞ-da əmək bazarında müsbət tendensiya davam etməkdədir. 5 yanvar tarixində ABŞ üçün əhəmiyyətli məşğulluq göstəricisi olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlandı. Gözləntilər 175k olsa da faktiki göstərici 216k olmuş, həmçinin, noyabr ayına nəzərən də artmışdır (noyabr ayında 199k). İşsizlik dərəcəsi də gözləntilərdən yaxşı açıqlanmış, gözləntilər işsizliyin artaraq 3.7%-dən 3.8%-ə yüksələcəyi fonunda olsa da, işsizlik ötən ilin son ayında 3.7% olmuşdur.
- 11 yanvar tarixində ABŞ-da istehlak qiymətləri indeksi açıqlanacaq. İnflyasiya göstəricisinin artaraq 3.1%-dən 3.2%-ə yüksələcəyi proqnoz edilir. Xatırladaq ki, 2022-ci ilin sonunda ABŞ-da inflyasiya 6.5% idi.
- Avrozonada inflyasiya dekabr ayında artmış, illik inflyasiya 2.4%-dən 2.9%-ə yüksəlmişdir. 2022-ci ilin sonunda Avrozonada illik inflyasiya 9.2% idi.
- Türkiyədə də istehlak qiymətləri indeksində artım olmuş, inflyasiya göstəricisi 61.98%-dən 64.78%-ə yüksəlmişdir. Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı pul siyasəti ilə bağlı son qərarında faiz dərəcələrini 40%-dən 42.5%-ə qaldırmışdır. İl ərzində kəskin faiz artımlarına baxmayaq Türk lirəsi ABŞ dolları qarşısında dəyər itirməyə davam etmişdir, hazırda USD/TRY məzənnəsi 29.89-dur. 2023-cü ilin əvvəlində məzənnə 18.75 idi.