Azərbaycanın aparıcı investisiya şirkətlərindən olan "Unicapital İnvestisiya Şirkəti" 2023-cü il üzrə illik hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, investisiya şirkəti ötən il 621 min manat faiz gəliri əldə edib. Bu 2022-ci illə müqayisədə 310,3 min manat və ya təxminən 2 dəfə çoxdur.
Repo müqavilələri əsasında borc alınmış vəsaitlər üzrə faiz xərci 476.1 min manat, icarə öhdəliyi üzrə faiz xərci isə 25,6 min manata bərabər olub. Nəticədə, xalis faiz gəlirləri 119,2 min manat təşkil edib.
İnvestisiya şirkətinin xalis haqq və komissiya gəliri 2 milyon 351 min manat, qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə xalis gəlir 239 min manat təşkil edib. Xalis haqq və komissiya gəliri illik müqayisə ilə 400 min manat və ya 20,5% artıb.
İşçi heyəti ilə bağlı xərclər 1 milyon 598 min manata, ümumi və inzibati xərclər 834 min manata digər xalis gəlir xalis 10 min manata, dividend gəliri 7,8 min manata bərabər olub.
İşçi heyəti ilə bağlı xərclər 177 min manat (12,5%), ümumi və inzibati xərclər isə 154,6 min manat (22,8%) artıb.
Ötən il şirkətin digər xərcləri 32,3 min manat olub, digər gəlirləri isə olmayıb.
Şirkətin qeyri-faiz gəlirləri 106 min manat və ya 4,3% artaraq 2 milyon 590 min manata, qeyri-faiz xərcləri isə 281 min manat və ya 13,2% artaraq 2 milyon 414 min manata çatıb.
71,5 min manat mənfəət vergisi ödənişindən sonra “Unicapital İnvestisiya Şirkəti” 2023-cü ili 223,8 min manat xalis mənfəətlə başa vurub.
Unicapital İnvestisiya Şirkəti” ötən il 20 milyon 457 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 2 milyon 68 min manat və ya 11,2% artıb.
Bunun da böyük hissəsini – 9 milyon 685 min manatını investisiya qiymətli kağızları təşkil edib. Bu da illik 1 milyon 498 min manat və ya 18,3% artım deməkdir.
Öhdəliklər son bir ildə 1 milyon 814 min manat, başqa sözlə 10,7% artaraq 18 milyon 716 min manata yüksəlib.
Öhdəliklərin 9 milyon 207 min manatını müştərilərə ödəniləcək vəsaitlər, 8 milyon 846 min manatını isə repo müqavilələri əsasında borc alınmış vəsaitlər təşkil edib.
Balans kapitalı 224 min manat və ya 15% artaraq 1 milyon 711 min manata yüksəlib.
Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 1 milyon 266 min manata bərabər olub ki, bu da 223 min manat və ya 21,4% artım deməkdir.