30 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin kapital bazarlarında yeni istiqraz buraxılışını qeyd etmək məqsədi ilə ticarətə başlama zəngi mərasimi keçirilib.
Ümumi dəyəri 12 milyon ABŞ dolları həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
FED.az birjaya istinadən xəbər verir ki, ticarətə başlama mərasimində emitent tərəfindən "Unibank Kommersiya Bankı" ASC, birja üzvü tərəfindən Unicapital İnvestisiya Şirkəti və BFB-nin nümayəndələri iştirak ediblər.
BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, "Unibank Kommersiya Bankı" ASC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.