ABŞ-ın Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın bazar dəyəri 3 trilyon dolları keçib. Beləliklə, Nvidia 3 trilyon dollar dəyərə çatan 3-cü şirkət oldu.
FED.az xəbər verir ki, iyunun 5-də "Nvidia"nın səhmləri 4 faizdən çox artaraq 1219 dolları keçib. Nəticədə "Nvidia" günün sonuna kimi 3,011 trilyon dollarlıq bazar dəyərinə çataraq, Apple-ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub.
İlin əvvəlindən indiyədək "Nvidia"nın səhmləri süni intellekt çiplərinə artan tələbin təsiri ilə ilin 147 faiz bahalaşıb.
2022-ci ilin yanvar ayında texnologiya nəhəngi Apple 3 trilyon dollarlıq bazar dəyərinə çatan ilk ABŞ şirkəti oldu. Microsoft-un bazar dəyəri bu ilin yanvarında 3 trilyon dolları ötüb.
May ayında ilk rüb balansını açıqlayan Nvidia, süni intellekt çiplərinə tələbat səbəbiylə ümumi satışların üç dəfə artaraq 26 milyard dollara çatdığını açıqladı. Şirkət növbəti rübdə gəlirlərinin 28 milyard dollara çatacağını proqnozlaşdırmışdı.