Korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi istiqamətində də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Assosiasiya: "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
"Cənab Prezident tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası demək olar ki, maliyyə sektorunun bütün seqmentlərinin iqtisadiyyatda rolunun artırılmasını nəzərdə tutur. Maliyyə xidmətlərinin əlçatanlığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi bu strategiyada xüsusi rol oynayır. Qeyd etmək lazımdır ki, strategiyada sahibkarlığın və kob-ların inkişafı və maliyyələşməsi məsələlərinə xüsusi önəm verilir.
Bu çərçivədə bir sıra birbaşa tədbirlərin həyata keçirilməsi ilə yanaşı, alternativ maliyyələşmə mənbəyi olan korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi istiqamətində də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Biz inanırıq ki, bu təşəbbüslərin reallaşması investisiya mühitini daha da cəlbedici etməklə yanaşı, sahibkarlığın təşviqinə və son nəticədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Mərkəzi Bank öz növbəsində ölkənin sosial, iqtisadi inkişaf strategiyasının realizasiyasında digər qurumlarla fəal birgə iş aparır", - deyə Umeyra İbrahimova vurğulayıb.