"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2024-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, investisiya şirkəti ötən ilin sonunu 2 milyon 290 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 2 milyon 393 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis mənfəəti demək olar ki, dəyişməyib.
Hesabat ilində "İnvest-AZ"ın cəmi gəlirləri 14 milyon 560 min manat təşkil edib. Gəlirlər illik müqayisədə 1 milyon 815 min manat və ya 14,2% artıb.
Gəlirlərin 13 milyon 321 min manatı marja ticarətindən xalis gəlirlərin payına düşüb, bu da illik 1 milyon 232 min manat (10%) çoxdur.
Broker xidmətləri və digər komissiyon gəlirləri iki dəfə (579 min manat) 1 milyon 156 min manata yüksəlib.
İnvestisiya şirkətinin tədris xidmətlərindən gəlirləri 10 min manat (15,2%) artaraq 76 min manata çatıb.
"İnvest-AZ"ın haqq və komissiya xərcləri 768 min manat, inzibati və digər əməliyyat xərcləri 10 milyon 113 min manata yüksəlib.
Haqq və komissiya xərcləri 204 min manat (36,2%), inzibati və digər əməliyyat xərcləri 1 milyon 773 min manat (21,3%) artıb.
Əməliyyat üzrə mənfəəti isə 2 milyon 820 min manata bərabər olub.
"İnvest-AZ" ötən ilin sonunda 43 milyon 681 min manat cəmi aktivlərə malik olub. Aktivlər illik 9 milyon 584 min manat (28,1%) artıb.
Öhdəliklər 35 milyon 307 min manata bərabər olub ki, bu da illik 7 milyon 950 min manat və ya 29,1% çoxdur.
Balans kapitalı 1 milyon 635 min manat (24,3%) artım ilə 8 milyon 376 min manata düşüb.
Bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 634 min manat (43,7%) artımla 5 milyon 375 min manata yüksəlib.