4 fevral 2025-ci il tarixlərində Bakı Fond Birjasında "FERRUM KAPİTAL" QSC-nin AZ2018022288 dövlət qeydiyyat nömrəli 1 milyon manat həcmində, 2 il tədavül müddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı investorlar tərəfindən sifariş olmadığından hərrac baş tutmayıb.
Bu səbəbdən, "FERRUM KAPİTAL" QSC-nin AZ2018022288 İSİN kodlu istiqrazları delist edilib.
Qeyd edək ki, "Ferrum Kapital" şirkəti "AGA Şirkətlər Qrupu”a daxildir.
Xəbər verildiyi kimi, 26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM KAPİTAL" QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdi. Birjanın yaydığı məlumatda bildirilmişdi ki, qeyd olunan istiqrazların yerləşdirilməsi 10 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında kütləvi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Faktorinq xidmətləri göstərən şirkət istiqraz yerləşdirməklə 1 milyon manat borc almaq istəyirdi. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə faiz dərəcəsi 12.5% təşkil edirdi və faizlərin ödəniş periodu hər 3 aydan bir idi.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimi idi:
Emitentin adı: "FERRUM KAPİTAL" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2018022288
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli
İstiqrazların sayı: 1000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 AZN
İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN
İllik gəlirlilik faizi: 12.5%
Ödəmə periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: 10.01.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” ASC