Kriptovalyuta bazarında son 24 saat ərzində eniş tendensiyası müşahidə olunub, əsas rəqəmsal aktivlərdə satış təzyiqi güclənib.
FED.az biznes və maliyyə xəbərləri portalı CoinMarketCap platformasına istinadən xəbər verir ki, Bitcoin 2,56% ucuzlaşaraq 68 467 dollar səviyyəsinə düşüb. Ethereum isə daha kəskin- 6% enib və 1 959 dollar olub.
Bazarın digər aparıcı aktivlərində də azalma qeydə alınıb. XRP 6,08% enərək 1,45 dollara, BNB 3,54% azalaraq 613 dollara düşüb. Solana 4,46% geriləyərək 85 dollar səviyyəsində qərarlaşıb. Ən böyük itki "Dogecoin"lə bağlı olub. Kripto aktiv 12,28% ucuzlaşaraq 0,10 dollar olub.
Stablecoinlər olan Tether və USDC isə dəyişməyərək 1 dollar ətrafında sabit qalıb.
Analitiklər bazardakı bu enişi ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilərin sərtləşməsi fonunda investorların riskli aktivlərdən çəkilməsi, eləcə də son günlər əldə olunan qazancdan sonra mənfəət realizasiyasının (profit-taking) satışları artırması ilə izah edirlər. Eyni zamanda, qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik və tənzimləyici risklər də kriptovalyuta bazarında ehtiyatlı mövqelərin güclənməsinə səbəb olub.











