15 fevral 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin ümumi dəyəri 15 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az Birja-ya istinadən xəbər verir ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 15 min ədəd, hər birinin nominal dəyəri 1 000 manat, illik faiz dərəcəsi 8,5%, faizlərin ödəniş müddəti 6 aydan bir, tədavül müddəti 2 ildir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Xatırladaq ki, "Bank Respublika" 2021-ci ilin Dekabr ayında istiqrazların yerləşdirilməsi yolu ilə 10 milyon manat cəlb etmişdir.
16 dekabr tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. Hərrac zamanı Bank Respublikanın emissiya etdiyi istiqrazlara investorlar tərəfindən göstərilən böyük maraq müşahidə olunub və keçirilmiş hərracda tələb təklifi 30% üstələyərək 12 milyon 980 min manat təşkil etmişdir. Hərrac zamanı investorlar öz sifarişlərini qarantiya etmək məqsədi ilə istiqrazın alışı üçün onun nominal qiymətindən yuxarı təkliflər də irəli sürmüşdürlər və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8,3 faiz təşkil etmişdir, istiqrazın orta ölçülmüş qiyməti isə 1000 AZN (kupon 8,5%) məbləğində müəyyən edilmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.