Kapital bazarlarının əhəmiyyəti biznesin maliyyə tələbatını ödəyir
FED.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın baş direktoru Tərlan Rəsulov bu gün keçirilən Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı bildirib. O qeyd edib ki, kapital bazarlarının əhəmiyyəti maliyyə bazarlarının dayanıqlılığını artırır. Kapital bazarları, xüsusilə səhm bazarları vasitəsilə uzunmüddətli maliyyə təmin etməklə, uzunmüddətli dəyişikliklərin həyata keçirilməsinə öz töhfəsini verir.
Tərlan Rəsulov bildirib ki, qlobal kapital bazarlarının həcmi 3 trilyon ABŞ dollarından çoxdur. Bazar seqmentlərinə nəzər saldıqda, səhm bazarının həcmi 110 trilyon ABŞ dolları təşkil edir. Kapital bazarlarının həcmi ÜDM-i (Ümumi Daxili Məhsul) 2,9 dəfə üstələyir.
Onun sözlərinə görə, korporativ istiqrazların maliyyələşmədə rolu getdikcə artır. 2024-cü ildə 2,4 trilyon ABŞ dolları həcmində korporativ istiqrazların emissiyası həyata keçirilib. Kapital bazarları həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafı stimullaşdırmaq baxımından vacib rol oynayır.
Tərlan Rəsulov əlavə edib ki, maliyyə xidmətlərinin əlçatanlığının artırılması, əhali və biznes subyektlərinin maliyyə bazarlarına çıxışının genişləndirilməsi, o cümlədən korporativ istiqraz bazarının dərinləşdirilməsi istiqamətində görülən tədbirlər mühüm əhəmiyyət daşıyır.
O vurğulayıb ki, son 2-3 ildə kapital bazarında aparılan işlər nəticəsində əhəmiyyətli irəliləyiş əldə olunub. Azərbaycanda səhmlərin ilk kütləvi abunə yazılışı həyata keçirilib və bu proses mobil tətbiq vasitəsilə baş tutub. Xüsusi kapital bazarının ümumi ticarət həcmi 72,5 milyard manat təşkil edib. Qiymətli kağızlar bazarında 62% artım qeydə alınıb. Qiymətli kağızlar qanunvericiliyinin beynəlxalq bazarın tələblərinə cavab verməsi üçün tədbirlərə start verilib.