Kapital bazarının inkişafı üçün qlobal inteqrasiya həlledici rol oynayır.
FED.az xəbər verir ki, bu fikirləri Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müşaviri Müşfiq Əhmədli bu gün keçirilən Maliyyə İnvestisiya Forumunda səsləndirib.
Kapital bazarının gələcək inkişaf strategiyasına toxunan Əhmədli deyib: “Kapital bazarının inkişafının əsas istiqamətlərindən biri onun qlobal bazarlarla inteqrasiyasıdır. Bu, həm yerli investorlar üçün xarici investisiya alətlərinə çıxış imkanlarının yaradılması, həm də xarici investorların yerli bazara etibarlı və rahat daxilolmalarının təmin olunması deməkdir.”
O bildirib ki, bu istiqamətdə Milli Depozit Mərkəzi artıq beynəlxalq depozitarlarla əməkdaşlıq qurmaq üzərində işləyir: “Hazırda Türkiyənin Mərkəzi Qeydiyyat Təşkilatı (MKK) ilə birbaşa texniki və hüquqi əlaqəmiz mövcuddur. Bu əməkdaşlıq çərçivəsində hər iki ölkənin investisiya iştirakçıları müəyyən texniki prosedurlar vasitəsilə qarşılıqlı şəkildə bir-birinin bazarına çıxış əldə edə bilirlər.”
Əhmədli qeyd edib ki, bu əməkdaşlıq Azərbaycanın bazarı üçün mühüm təcrübə rolunu oynayıb: “MDM və MKK arasında qurulan birbaşa əlaqə regional əməkdaşlıq baxımından böyük əhəmiyyətə malik olmaqla yanaşı, bizim bazar üçün ilk real təcrübə olub və gələcək beynəlxalq əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayıb.”
Forumda sədr müşaviri Azərbaycanın Clearstream ilə əməkdaşlıq təşəbbüsünü də diqqətə çatdırıb: “Bu beynəlxalq mərkəzi depozitar sistemində MDM-in hesab açması istiqamətində işlər aparılır. Əməkdaşlıq hələ ilkin mərhələdədir, tərəflər arasında bir neçə raund görüşlər keçirilib, sənəd mübadiləsi və risk uyğunluğu üzrə ilkin məlumatlar təqdim olunub.”
Əsas hədəfin investorların beynəlxalq alətlərə birbaşa çıxışı olduğunu vurğulayan Əhmədli deyib: “Əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri və institusional investorların Clearstream platformasında təqdim olunan qlobal maliyyə alətlərinə – xüsusilə dövlət istiqrazlarına, beynəlxalq səhmlərə, ETF-lərə və digər likvid məhsullara birbaşa çıxışını təmin etməkdir.”
O əlavə edib ki : “Bu hesabın açılması ilə yerli investorlar xarici bank hesabı açmadan, əlavə vasitəçilərə ehtiyac duymadan, öz ölkələrində, yerli infrastruktur üzərindən qlobal bazarlara sərmayə yatırmaq imkanına sahib olacaqlar.”