"ABB İnvest İnvestisiya Şirkəti"nin icraçı direktoru Nadir Babazadə iyulun 7-də keçirilən mətbuat konfransında çıxışı zamanı ABB-nin səhmlərinin qiymətində baş verən enişlə bağlı fikir bildirib.
Nadir Babazadə: "ABB İnvest-in xarici qiymətli kağız portfeli 500 milyon dolları ötüb"
FED.az xəbər verir ki, o qeyd edib ki, bu dəyişiklik bazar üçün problem deyil, əksinə, alıcılar üçün əlverişli fürsətdir: “Niyə ABB səhmləri ucuzlaşıb? Bu sual ətrafında gündəlik müzakirələr aparırıq, müştərilərlə danışırıq. Mən buna hər hansı bir çətinlik və ya problem kimi yox, bir fürsət kimi baxıram. Əgər ABB səhmi 25 qəpiyə düşübsə, bu mənim subyektiv fikrimdir ki, bu, fürsətdir və bu səhmi almaq üçün ideal qiymətdir.”
Onun sözlərinə görə, investorlar qiymət dəyişikliklərinə daha geniş perspektivdən yanaşmalıdır. “Azərbaycanda səhm ticarətinə o qədər öyrəşmişik ki, Amerikada ticarət olunan səhmlərə baxsaq, elə günlər olur ki, Amazon.com-un səhmləri bir gündə 10% aşağı düşür və buna hamı normal yanaşır. Düşübsə, bir gün sonra 15% qalxa bilər. Bu, bazarın təbiətidir,” – deyə direktor əlavə edib.
O, ABB səhmlərinin ucuzlaşmasının səbəbi kimi post-dividend dövrünü göstərib: “ABB səhmlərinin qiymətinin düşməsi post-dividend dövrünə təsadüf edir. Bu isə tamamilə normal haldır. Çünki dividend artıq qiymətdə öz əksini tapmışdı. Dividendini alanlar satdı, saxlayanlar isə saxladı. İndi isə qiymət düşüb və mənim fikrimcə, səhmi almaq üçün əla vaxtdır.”
Nadir Babazadə ABB-nin bazarda etibarlı mövqedə olduğunu vurğulayaraq bildirib ki, səhmin dəyəri arta bilər: “ABB dividend ödəyən şirkətdir, xalis mənfəətə görə lider bankdır, aktivlərinə görə lider bankdır. Eyni zamanda, şirkətin bütün maliyyə məlumatları tam şəffaf şəkildə ictimaiyyətə təqdim olunur – ABB-nin rəsmi saytında, bakı Fond Birjasının veb səhifəsində və Mərkəzi Bankın sistemləri vasitəsilə bu məlumatlara çıxış əldə etmək mümkündür.”
O, həmçinin qeyd edib ki, ABB-də səhmdarlarla kommunikasiya prosesi də rəqəmsal əsaslarla qurulub: “Bizdə hətta səhmdarların yığıncağı elektron keçirilir. Milli Depozit Mərkəzinə bu imkana görə təşəkkür edirik. Səsvermənin və təqdimatların elektron formatda təşkili təmin olunub.”