Dünən ABŞ-da Şəxsi Xərclər İndeksinin və işsizliklə bağlı məlumatların dərc olunmasından sonra dövlət istiqrazlarının gəlirləri bir qədər yüksəldi və “Wall Street”-in əsas fond indekslərinin fyuçerslərinin artımı bir qədər yavaşladı. Bunların fonunda dollar cümə axşamı günü öz mövqelərini qismən möhkəmləndirib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 103.1 səviyyəsindən 103.65-a səviyyəsinə qədər yüksələrək, öncəki sessiyanın bağlanış səviyyəsi ilə müqayisədə 0.53% artıb.
ABŞ Ticarət Departamentinin dünən verdiyi məlumata əsasən, oktyabr ayında ölkədə şəxsi xərclər və gəlirlər aylıq ifadədə 0.2% artıb. Eyni zamanda, Əmək Departamenti 25 noyabr tarixində bitən həftə üçün ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayının 218 minə yüksəldiyini bildirib.
Cümə axşamı günü “OPEC+” toplantısında qəbul edilən qərarlara baxmayaraq dünya birjalarında neft qiymətlərində kəskin eniş başlayıb və 3%-dən çox ucuzlaşma müşahidə olunub. “Brent” markalı neftin fevral fyuçerslərinin bir barrelə görə qiyməti 3.17% ucuzlaşaraq 80.21$, “WTI” markalı neftin yanvar fyuçerslərinin bir barrelə görə qiyməti isə 3.31% ucuzlaşaraq 75.28$ təşkil edib.
Bugün ABŞ-da və Almaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi göstəriciləri və İsveçrədə açıqlanacaq ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq xəbərlərdir. Həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxışı birjalarda qiymətlərin formalaşmasında öz töhvəsini verə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.