Həftəsonu İsrail və İran arasında qarşıdurmalar davam edərkən, gözlər ABŞ-ın hücumlara qoşulub-qoşmayacağına yönəlib.
FED.az xəbər verir ki, Wall Street – ABŞ-da səhmlər cümə günü İsrailin İrana hücumundan sonra İranın qisas alacağına dair narahatlıqlar səbəbilə ucuzlaşıb. S&P 500 həftəlik qazancını silərək 1%-dən çox itirib.
Enerji və neft istehsalçıları və müdafiə şirkətlərinin səhmləri yüksəlib, hava yolları və səyahət şirkətləri isə geriləyib. ABŞ xam neft fyuçersləri 2022-ci ilin martından bəri ən yüksək göstərici olan 7%-dən çox bahalaşıb. Qızıl bütün zamanların ən yüksək səviyyələrinə yaxın ticarət edilib.
Artan neft qiymətləri inflyasiyanın yenidən canlanması ilə bağlı narahatlıqları artırdığı üçün ABŞ Xəzinədarlıqları istiqrazları ucuzlaşıb və dollar bir qədər yüksəlib. Səudiyyə Ərəbistanı, Misir və Qətərdə bazar günü həftə sonu artan qarşıdurmalardan sonra səhmlər ucuzlaşıb. Misir funtu yerli ticarətdə dollar qarşısında təxminən 1,8 faiz ucuzlaşıb.
ABŞ fond indeksi fyuçersləri bir qədər yüksəkdir. Brent neftində qiymət artımı davam edib, bu gün səhər 5.5%-ə qədər yüksəlib. West Texas Intermediate (WTI) neftinin barreli 74 dollar ətrafında satılıb.
Qlobal bazarlar da bu həftə FED, BOE və BOJ faiz qərarlarının açıqlanmasını gözləyir. Asiyada fond bazarları qarışıqdır. Yaponiyanın Nikkei 1 faizdən çox bahalaşıb, Çin fond bazarı isə güclü məlumatlardan sonra bir qədər aşağı düşüb.
İsrail-İran münaqişəsi səngimək bilmir.
Həftə sonu İsraillə İran arasında toqquşmalar şiddətlənməkdə davam edib. Bazar günü, döyüşlərin üçüncü günü, İsrail İranın paytaxtı Tehranı vurdu. İran cavab olaraq İsrailə bir neçə pilotsuz təyyarə və raket zərbəsi endirib. Cümə günündən bəri İranda 224 nəfər həlak olub və hökumət hesabatlarına görə, İranın İsrailə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 400-ə yaxın adam yaralanıb.
İndiyədək İsrailin hücumlarında hər hansı rolu olduğunu inkar edən ABŞ-ın İranın ən dərin yeraltı nüvə obyekti olan Fordou məhv etmək məqsədi daşıyan hücumda iştirak edib-etməyəcəyi ilə bağlı suallar gündəmə gəlib. Mütəxəssislər onu da qiymətləndiriblər ki, təkcə İsrail Fordonu məhv etmək gücünə malik deyil.
Seçki kampaniyası zamanı ABŞ-ın hərbi müdaxilədən qaçacağına söz verən prezident Donald Tramp bazar günü deyib ki, “müdaxilə etmək ehtimalımız var” və İsrail və İran sülh sazişi imzalamağa hazır olmadan bir müddət “mübarizə aparmalı” ola bilər. Lakin Tramp məsələ ilə bağlı dərhal hazırlıqların olduğuna dair heç bir işarə verməyib.
İsrailin baş naziri Benyamin Netanyahu Fox News-a müsahibəsində ABŞ-dan nüfuzedici bomba üçün müraciət edib-etməməsi ilə bağlı sualları cavablandırmayıb, lakin “başqa planlar da var” dedi.
İsrailin “bir neçə sürprizi” olduğunu və birbaşa ABŞ-ın köməyinə ehtiyac olmadığını söyləyən Netanyahu, “Biz bu təhlükəni aradan qaldırmaqda qəti qərarlıyıq” dedi. Yarı rəsmi Fars xəbər agentliyinin məlumatına görə, bazar günü İran da bildirib ki, İsrailə qarşı ən müasir silahlarından hələ də istifadə etməyib. Bu arada yüksək səviyyəli ABŞ rəsmisi deyib ki, Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneini öldürmək planına veto qoyub.