İqtisadi yavaşlama ilə bağlı narahatlıqları artıran ABŞ-da açıqlanmış məlumatlardan sonra qızılın unsiyasının qiyməti 3000 dolları keçərək tarixi ən yüksək həddinə çatıb. Yaxın Şərqdə artan gərginlik də qiymətli metalın etibarlı "sığınacaq" kimi cəlbediciliyini artırıb.
FED.az xəbər verir ki, bazar ertəsi 0,6 faiz bahalaşan qızıl, İsrailin Qəzzadakı Həmas hədəflərinə hərbi zərbələr endirdiyini elan etdikdən sonra çərşənbə axşamı bir qədər də bahalaşıb. Bu addım kövrək atəşkəsi təhdid edir, Fələstin mənbələri Qəzza zolağının müxtəlif hissələrinə çoxsaylı hava zərbələri endirdiyini bildirir.
İnvestorlar ABŞ-da pərakəndə satışların fevral ayında gözləniləndən daha az artdığını göstərən məlumatları da qiymətləndirdilər. Bu, ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazının gəlirliliyinin aşağı düşməsinə səbəb olub və faiz gətirməyən qızıla dəstək verib.
Qızılın unsiyasının qiyməti 3010 dollar səviyyəsinə yaxınlaşıb.
Məlumatlar zəiflik göstərsə də, kəskin azalma əlamətləri göstərməyib və FED-in uçot dərəcəsinin azaldılması ilə bağlı gözləntiləri dəyişməyib. Bununla belə, şirkətlər, investorlar və iqtisadçılar ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibələrinin böyüməsi riski fonunda ehtiyatlı davranırlar.
2024-cü ildə güclü yüksəliş trendində olan qızıl, 2025-ci ilin əvvəlindən bu yana 14 faizdən çox dəyər qazanıb. Son həftələrdə bir çox böyük banklar ilin sonuna qızıl qiymətləri ilə bağlı proqnozlarını yuxarıya doğru yenidən nəzərdən keçiriblər.(Marja)