2017-ci ildə Azərbaycanda qızıl məmulatlarının jamğalanması üzrə 1040 fiziki və hüquqi şəxsə icazə verilib. FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətindən bildirilib.
Ötən il ərzində palata ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə dövlət büdcəsinə 188,6 min manat dövlət rüsumu ödəyib.
Sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasiyonar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilib.
Palatadan bildirilib ki, «Lisenziya və icazələr haqqında» Qanuna əsasən, qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib və ümumilikdə 1404 hüquqi və fiziki şəxslərə icazə verilib.
Ötən il palata heç bir yoxlama aparmayıb. Qurumdan bildirilib ki, dövlət başçısının 20 oktyabr tarixli 1410-IVQ nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılmış yoxlamaların dayandırılması haqqında» Qanununa əsasən 2015-ci il noyabr tarixindən Xidmət tərəfindən aparılan yoxlamalar dayandırılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2007-ci il 9 oktyabr tarixli 162 nömrəli qərarı ilə «Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları» təsdiq edilib.
Bu Qaydalar qiymətli metalların və qiymətli daşların hasilatı, istehsalı, istifadəsi və dövriyyəsi, qiymətli metalların tullantılarının və qırıntılarının yığılması, tədarükü, ilkin və təkrar emalı, qiymətli daşların rekuperasiyası, həmçinin tərkibində qiymətli metallar və qiymətli daşlar olan məmulatların istifadəsi sahəsində əməliyyatlar həyata keçirən bütün hüquqi şəxslərə, o cümlədən hərbi hissələrə və hərbi birləşmələrə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Qaydalara əsasən müəsisə və təşkilatlar, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesabatların mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməli olduğu barədə məktublar göndərilib.