Azərbaycanda qiymətli kağız buraxmaq istçyən şirkətlərə pulsuz məsləhət xidməti göstəriləcək. FED.az xəbər verir ki, bu Bakı Fond Birjası (BFB) ilə “Grant Thornton International” (GTI) audit və konsaltinq şirkəti arasında imzalanan yeni müqavilə sayəsində mümkün olub. Birjadan verilən məlumata görə, adı çəkilən şirkət “Listinq Məsləhət Proqramı”ı ilə tərəfdaşlığa başlayıb. Proqramın məqsədi Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqidir.
Oktyabrın 27-də Bakı Fond Birjasının İdarə Heyəti sədri Vüqar Namazov və GTI-nin Azərbaycan şirkətinin idarəedici partnyoru Farouk Mohamed tərəfindən “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanıb.
Sazişə əsasən GTI şirkəti, BFB-yə müraciət etmiş Emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyyə və təlim xidmətlərinin təqdim edilməsi və birgə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.
LMP çərçivəsində, şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LAP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.
LMP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.
“Grant Thornton International”şirkəti dünyanın aparıcı mühasibat və konsaltinq təşkilatlarından biridir. Bu cür təşkilatlar özəl biznes qurumlarını və ictimai əhəmiyyətli qurumlara maliyyə rəyi, vergi və mütəxəssis məsləhəti xidmətləri göstərir. Şirkətin üzv və müxbir firmaları ilə 120-dən çox ölkədə 35000-dən çox işçi heyəti ilə birlikdə yüksək keyfiyyətli və fərdi xidmətlər göstərir.
Qiymətli kağız buraxmaq istəyənlərə – PULSUZ XİDMƏT BAŞLAYIR
09:14
8 Noy 2017