Avstraliyada inqilabi hadisə yaşanıb. Avstraliyalılar artıq ölkə ərazisində təxminən 1200 qəzet köşkündən Bitcoin və Ethereum satın ala biləcək.
Ölkədə fəaliyyət göstərən kriptovalyuta birjası “Bitcoin Australia” ilə ödəmə xidmətləri təqdim edən “Blueshyft”-in razılaşması nəticəsində 1200-ə yaxın köşk yeni xidmətin həyata keçirilməsi üçün “iPad” cihazları ilə təmin olunacaq. Bitcoin və Ethereum almaq üçün istifadəçilərin elektron pul qabına sahib olması və qeydiyyatdan keçmək üçün mobil telefonlarını və elektron poçtlarını sistemə daxil etmələri lazımdır. Daha sonra ekranda görünən QR kodunun yoxxlanılması ilə satın alma əməliyyatı tamamlanır.
“Bitcoin Australia”-nın CEO-su Rapert Hakett mövzuyala bağlı olaraq “Australian Financial Review”-ya açıqlama verib. Hakett bu yeniliklə kriptovalyutaların qəbul edilməsi prosesini “daha demokratik” bir hala gətirmək istədiklərini vurğulayıb. Bununla yanaşı, onun fikrincə, təhlükəsizlik problemləri səbəbindən internetdə kriptovalyutaya sərmayə qoymağa çəkinən investorlar qəzet köşklərindən bu işi rahatlıqla edə biləcək.
Əslində, Avstraliyadakı qəzet köşkləri 2016-cı ildən bəri Bitcoin satır. Ethereum-un 2017-ci ildə yaşadığı yüksəliş sayəsində Bitcoin ilə yanaşı köşklərdə satılmağa başladığını etiraf edən Hakett sözlərinə belə davam edib:
“Keçmişdə Ethereum-u yalnız Bitcoin sahibi olanlar almaq istəyirdi. İndi isə vəziyyət dəyişib, Ethereum-u hər kəs tanıyır. Bitcoin-lə müqayisədə daha aşağı qiymətinə görə bəzi investorlar Ethereum-a daha çox üstünlük verirlər”.
Qəzet köşklərində Bitcoin və Ethereum satılması həm rəqəmsal dövrdə unudulmaqda olan qəzet köşklərinə əlavə gəlir gətirəcək, həm də kriptovalyutaların daha çox mənimsənilməsinə imkan yaradacaq.