Dekabrın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106004853 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün (3 illik) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 96.1315 (9.0000%) və 99.5000 (7.6897%) olan 11 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.0800 (7.8501%), orta ölçülmüş qiyməti 99.3159 (7.7599%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 milyon 953 min manat olsa da, yerləşdirilmiş həcmi cəmi 9,1 milyon manat olub.
Başqa sözlə, 39,9 milyon manatlıq sifarişlərdən yalnız 9,1 milyonr manatı, yəni ümumi sifarişlərin 4-də birindən də az hissəsi nazirliyin istədiyi gəlirliyə uyğun olub. İstiqrazların ödəmə tarixi 05 dekabr 2023-cü il.
Qeyd edək ki, bir qədər əvvəl hökumət özünün «Qarabağ» istiqrazları buraxmaq planlarını elan edib. Hazırda bu istiqrazların şərtləri – hansı müddətə və hansı gəlirliklə buraxılacağı məlum deyil. Amma istiqrazların satışından əldə edilən məbləğ işğaldan azad olunan ərazilərin bərpasına sərf ediləcək. Ona görə də bu istiqrazlar azı 3 il, maksimum isə 10 il müddətinə buraxılmalıdır.
Maliyyə Nazirliyinin 2-3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərraclar göstərir ki, investorlar belə istiqrazları almağa hazırdırlar, amma bir şərtlə ki, onların gəlirliyi illik 9%-dən aşağı olmasın. Daha aşağı gəlirliliklə hətta 10 milyon manatlıq istiqrazları tam yerləşdirmək mümkün deyilsə, bir neçə milyard manatlıq istiqraz yerləşdirmək problem olacaq.