Azərbaycanın aparıcı investisiya şirkətlərindən olan «Paşa Kapital»ın qiymətli kağızlarla əməliyyatları və bazar payı kəskin azalıb.
Eləcə də bax: Bakı Fond Birjası üzvlərinin dövriyyələrini açıqladı - SİYAHI
FED.az xəbər verir ki, Bakı Fond Birjası 2022-ci ilin yanvar-may aylarında investiçıiya şirkətlərinin bazar payını və əməliyyatlarının həcmini açıqlayıb.
Rəqəmlərdən aydın olur ki, ilk 5 ayda «Paşa Kapital»ın əməliyyatlarının həcmi 4 milyard 270,4 min manat təşkil edib.
Bunun 1 milyard 389,8 min manatı Mərkəzi Bankın qiymətli kağızları, 824,4 milyon manatı dövlət qısa müddətli kağızları, 344,3 milyon manatı korporativ istiqrazların, 17,9 milyon manatı səhmlərin, 1 milard 694 milyon manatı isə repo əməliyyatlarının payına düşüb.
İlk 5 ayda «Paşa Kapital»da 1250 əməliyyat aparılıb.
İlk 5 ayın nəticələrinə görə, Bakı Fond Birjasında aparılan əməliyyatların 57,6%-i «Paşa Kapital»ın payına düşür.
Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə şirkəti qiymətli kağızlarla dövriyyəsi və bazar payında ciddi azalma var.
Belə ki, 2021-ci ilin ilk 5 ayı ilə müqayisədə şirkətin dövriyyəsi 1 milyard 72 milyon manat və ya 20% azalıb. Xatırladaq ki, ötən ilin eyni dövründə şirkətin əməliyyatlarının həcmi 5 milyard 342 milyon manat təşkil edirdi. Əməliyyatların sayında isə 38% azalma var, ötən il 2000-dən artıq idi.
«Paşa Kapital»ın Mərkəzi Bankın qiymətli kağızları ilə əməliyyatları təqribən 200 milyon manat və ya 12,5%, dövlət istiqrazları (Maliyyə Nazirliyi buraxır) ilə əməliyyatları 45%, repo əməliyyatları 21% azalıb.
Əvəzində şirkətin korporativ qiymətli kağızlarla əməliyyatları 3,1 dəfə, səhmlərlə əməliyyatları təqribən 17 dəfə artıb.
2021-ci ilin ilk 5 ayının nəticələrinə görə, «Paşa Kapital»ın əməliyyatlarının bazar payı 77,7% idi, indi isə bu rəqəm 57,6%-ə düşüb.