«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 62% artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında şirkətin birja dövriyyəsi 26 milyard 602 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 10 milyard 157 milyon manat və ya 61,8% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 616 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3,24 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 989,6 milyon manat, səhmlər üzrə dövriyyəsi 4,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 21,75 milyard manat olub.
Cari dövrdə «PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə dövriyyəsi 679,8 milyon manat (26,5%), korporativ istiqrazları üzrə dövriyyəsi 140,7 milyon manat (16,6%), repo əməliyyatlarının dövriyyəsi isə 10 milyard 29 milyon manat (85,6%) artıb. Səhmlər üzrə dövriyyədə xüsusilə kəskin artım qeydə alınıb: 3,3 milyon manat və ya 3,6 dəfə.
Yanvar-iyul aylarının nəticələrinə görə, «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 634 ədəd (15,7%) artımla 4 min 660-a bərabər olub.