Avqustun 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən FED.az-a bildirilib ki, kuponlu, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, faiz gəliri 5 faiz, tədavül müddəti 1092 gündür. İstiqrazlar 2025-ci il avqustun 5-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, emitent sifarişləri o halda qəbul etmir ki, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizindən aşağı olsun.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət etməlidirlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.