Dünynın əsas çip istehsalçısı olan ABŞ-ın «Nvidia» şirkətinin səhmlərinin qiyməti rekord vurub, şirkətin bazar qiyməti ilk dəfə olaraq 2 trilyon dolları keçib.
FED.az xəbər verir ki, baş ofisi Kaliforniyada yerləşən çip istehsalçısının açıqladığı yeni rəqəmlər gözləntiləri üstələyib. Belə ki, 2023-cü ilin sonuncu rübündə şirkətin satışlarının 20,4 milyard dollar olacağı gözlənilsə də, bu rəqəm 22,1 milyard dollar olub.
Səhm başına düşən gəlir də gözləntiləri üstələyərək 4,59 dollar əvəzinə 5,16 dollar olub.
Şirkətin satış və gəlirlərlə bağlı əla göstəriciləri dərhal onun onun səhmlərinin qiymətində özünü göstərib. Rəqəmlərin açıqlandığı fevralın 22-də «Nvidia»nın səhmləri gün ərzində 110 dollar və ya 16% bahalaşaraq 675 dollardan 785 dollara yüksəlib.
Nəticədə «Nvidia»nın bazar dəyəri bir gün ərzində rekord göstərici ilə 277 milyard dollar artaraq 2 trilyon doları keçdi.
Qeyd edək ki, belə sürətli artım indiyədək baş verməyib, bu sahədə rekord bir neçə əvvəl «Facebook»un sahibi «Meta» şirkətində baş vermişdi – şirkətin bazar dəyəri bir gündə 197 milyard dollar atmışdı. «Nvidia»nın bazar dəyərinin artımı isə ən böyük göstərici olub.
Ümumiyyətlə «Nvidia»nın səhmləri son illər sürətlə atır və sektorda «qiymət çempionu»na çevrilib. Belə ki, cəmi 2 il əvvəl 2022-ci ilin əvvəlində şirkətin səhmlərinin qiyməti 294 dollar idi, 2023-cü ilin əvvəlində isə bu rəqəm 2 dəfə azalaraq 146 dollara enmişdi.
Amma 2023-cü il ərzində və 2024-ün ötən 2 ayında «Nvidia»nın səhmlərinin qiymətində durmadan artım baş verir. Bu ilin əvvəlində şirkətin səhmləri 495 dollar idi, son iki ayda isə 60% artaraq 790 dollara çatıb və proses göstərir ki, bu hələ son deyil.
Şirkətin səhm dəyərinin yüksəlməsi nəticəsində «Nvidia» şirkəti dünyanın bir sıra iri şirkətlərini, o cümlədən «Google»un ana şirkəti olan «Alphabet»i geridə qoyaraq ABŞ-ın üçüncü ən dəyərli şirkəti oldu. Şirkətin bazar dəyəri isə 2 trilyon dolları ötərək «Nvidia»nı ABŞ-da «Microsoft» və «Apple»dan sonra üçüncü ən dəyərli şirkət etdi.
«Nvidia»nın səhmləri niyə bahalaşır?
«Nvidia»nın səhmləri ona görə bahalaşır ki, şirkət süni intellekt (AI) texnologiyaları üçün vacib olan kompüter çipləri istehsal edir. Süni intellekt və chatbotlar kimi tətbiqlərdə istifadə olunan proqram təminatı daha yaxşı işləmək üçün böyük həcmdə məlumatı tez emal edə bilən bu çiplərə ehtiyac duyur. «Nvidia» bu çiplərə tələbatın artdığını elan etdiyi üçün investorlar bu şirkətə maraq göstərirlər.
Qeyd edək ki, «Nvidia»nın gələn rübdə də böyük gəlir artımı proqnozlaşdırılır. Şirkətin baş direktoru bildirib ki, generativ süni intellekt texnologiyasına tələbat artmaqdadır. Bu texnologiya sadə əmrlərdən dərhal real mətn, şəkillər və səs istehsal etməyə qadirdir. Bu, Nvidia məhsullarına tələbatın gücləndiyinə işarə kimi qiymətləndirilir.
Nəticədə Nvidia-nın səhmlərinin qiymətləri yüksəlir, çünki investorların diqqətini cəlb edir və səhmlərini dəyərli edir.
Şirkət gələcək aylarda yeni nəsil B100 çipini müştərilərinə təqdim edəcək. Analitiklər bunu müsbət bir inkişaf kimi qiymətləndirdilər. B100 çiplərinin daha yaxşı performansa və bəlkə də daha yüksək orta satış qiymətinə malik olacağı gözlənilir.