Azərbaycanın neft-qaz gəlirlərinin toplandığı və idarə olunduğu Neft Fondu bu ildən etibarən səhiyyə şirkətlərinə də yatırıma başlayıb.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xatırladır ki, Fondun vəsaitləri müxtəlif alətlərə yatırılır – bura qiymətli kağızlar (istiqraz və səhmlər), qızıl, daşınmaz əmlak və sair aiddir. Son dövrlər fondun səhmlərə yatırımları artır və portfelə yeni sahələrə aid şirkətlərin səhmləri əlavə olunur.
Ötən ilin sonunadək fondun əsas yatırımları İKT sahəsinə aid idi. 2024-cü ildən isə buraya səhiyyə şirkətləri də əlavə olunub – Neft Fondu səhiyyə bazarının oyunçusu olan şirkətə kifayət qədər vəsait yatırıb.
Belə ki, Neft Fondu 31 mart 2024-cü il tarixinə 104,3 milyon dollar, 30 iyun 2024-cü il tarixinə isə 123 milyon dollar həcmində “Eli Lilly & Co” şirkətinin səhmlərinə vəsait cəlb edib.
«Eli Lilly & Co» ABŞ-ın tanınmış əczaçılıq şirkətidir. Şirkət 1876-cı ildə Eli Lilly tərəfindən təsis edilib və 18 ölkədə ofisləri var və təxminən 125 ölkədə fəaliyyət göstərir. Şirkətin baş ofisi İndianapolisdə yerləşir
Neft Fondunun yatırım etdiyi bu şirkətin səhmləri son dövrlər sürətlə bahalaşır. Belə ki, hazırda «Eli Lilly & Co»nun səhmlərinin qiyməti nə az, nə çox - 857 dollar təşkil edir. 2023-cü ilin əvvəlində bu qiymət 363 dollar idi, 2023-cü sonunda isə 583 dollar olub.
Şirkətin gəlirləri yeni dərmanların ixtira edilib satışından formalaşır. Səhmlərin qiymətinin artması da «Mounjaro», «Verzenio» və «Zepbound» kimi bəzi dərmanların bazar payının artması ilə əlaqələndirilir. Xüsusilə diabet dərmanı «Mounjaro» və piylənmə dərmanı olan «Zepbound» şirkətin uğurlu fəaliyyətində mühüm rol oynayıb.
Proqnozlara görə, diabet dərmanı olan «Mounjaro»nun satışları şirkətə 2029-cu ilə qədər illik təxminən 33 milyard dollar qazandıracaq. Piylənmənin müalicəsində yenilikçi həll təklif edən «Zepbound» dərmanın isə illik satışlarının 2029-cu ilə qədər 16 milyard dollardan çox olacağı gözlənilir.