"ABB İnvest İnvestisiya Şirkəti"nin icraçı direktoru Nadir Babazadə iyulun 7-də keçirilən mətbuat konfransında çıxış edərək şirkətin xarici bazarlarda formalaşdırdığı qiymətli kağız portfeli və pərakəndə müştəri aktivliyi barədə məlumat verib.
Nadir Babazadə: "ABB İnvest-in rəqəmsal imkanları daha da genişləndirilib"
FED.az xəbər verir ki, o bildirib ki, hazırda "ABB İnvest İnvestisiya Şirkəti"nin xarici tərəfdaşlarla və korporativ müştərilərlə birgə idarə etdiyi qiymətli kağız portfeli 500 milyon dolları ötür. Lakin bu rəqəm dövriyyəni deyil, məhz portfelin cari dəyərini əks etdirir.
“Dövriyyə bu rəqəmdən qat-qat çoxdur. Bu, hazırda idarə etdiyimiz portfelin cari dəyəridir,” – deyə o bildirib.
Pərakəndə müştərilərə toxunan direktor qeyd edib ki, ABB mobil tətbiqi üzərindən xarici bazarlarda ticarət etmək üçün hesab açan aktiv istifadəçilərin sayı 50 mindən çoxdur.
“Mobil tətbiq üzərindən aktiv ticarət etməyə başlayan müştəri sayı 50 mindən çoxdur. Bu rəqəm bizim tətbiqdən xarici bazarlarda real ticarət üçün hesab açan istifadəçiləri göstərir. Pərakəndə müştərilərimizin mobil tətbiq üzərindən xarici bazarda ticarət portfeli isə 50 milyon dolların ətrafındadır,” – deyə icraçı direktor bildirib.
Nadir Babazadə əlavə edib ki, hazırda "ABB İnvest İnvestisiya Şirkəti"nin platformasında 4 mindən artıq maliyyə aləti ilə ticarət aparmaq imkanı yaradılıb. Bu isə müştərilərə müxtəlif bazarlarda çevik və geniş investisiya imkanı təqdim edir.