"ABB İnvest İnvestisiya Şirkəti"nin icraçı direktoru Nadir Babazadə iyulun 7-də keçirilən mətbuat konfransında şirkətin rəqəmsal xidmətləri, bazara çıxış imkanları və müştəri göstəriciləri barədə ətraflı məlumat verib.
FED.az xəbər verir ki, o bildirib ki, ABB mobil tətbiqi vasitəsilə artıq həm daxili, həm də xarici bazarlarda investisiya fəaliyyətinin aparılması mümkün olub.
Nadir Babazadənin sözlərinə görə bu gündən etibarən rəsmi birja açılışından əvvəl və rəsmi birja bağlanışından sonra da ticarət əməliyyatları aparmaq mümkündür.
O əlavə edib ki, yaxın aylarda "ABB İnvest İnvestisiya Şirkəti" vasitəsilə ABŞ-da ticarət olunan istiqrazlarla da əməliyyat aparmaq mümkün olacaq:
“Bu ilin sonundan etibarən Amerikada ticarət olunan istiqrazlarla da ticarət əlçatan olacaq.”
Korporativ idarəetmə sahəsindəki yeniliklərə də toxunan direktor vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunan korporativ idarəetmə standartları şirkət tərəfindən uğurla mənimsənilib:
“AMB tərəfindən korporativ idarəetmə standartları tətbiq edilib və bu ilin fevral ayından etibarən bizim hazırlıq səviyyəmiz bu standartlara tam cavab verir. Tam əminliklə deyə bilərik ki, bu tələbləri tam şəkildə qarşılayırıq.”
Nadir Babazadə şirkətin xarici bazarlardakı aktivliyindən də danışıb:
“Pərakəndə müştərilərimizin mobil tətbiq üzərindən xarici bazarda apardığı investisiya fəaliyyəti nəticəsində ümumi ticarət portfel həcmi 50 milyon dolların ətrafındadır. Xarici bazarda ticarət edən müştəri sayımız isə 50 mindən artıqdır. Bu, ABB mobil tətbiqi vasitəsilə xarici bazarlarda ticarət aparmaq üçün hesab açan müştərilərimizin sayıdır.”
İcraçı direktor əlavə edib ki, investorlar əsasən beynəlxalq texnologiya nəhənglərinin səhmlərinə üstünlük verirlər:
“Amazon, Google, Tesla, Nvidia kimi şirkətlərin səhmlərinə daha çox investisiya edilir. Bu, müştərilərimizin texnoloji sektora olan marağını da göstərir.”