Zaman keçdikcə pul özü də inkişaf edən texnoloji nəaliyyətlər sayəsində yeni və daha geniş imkanlara malik ödəniş vasitəsinə çevrilir. Bunlardan biri də kirptovalyutalardır. Son illər ərzində bu bazarda baş verən dəyişikliklər iri kriptobirjalar və işlə məşğul olanların daim diqqətində olub.
FED.az biznes maliyyə portalı ötən il kriptovalyuta bazarının nəticələri və mövcud bazarın inkişaf tempi, həmçinin 2024-cü il üzrə olan gözləntilərlə bağlı dünyanın aparıcı kriptovalyuta infrastrukturu təminatçısı olan “Binance” şirkətinin CEE və Mərkəzi Asiya üzrə ofisinin rəhbəri Krill Xomyakovun müsahibəsini təqdim edir.
- Cənab Krill, 2023-cü ildə kriptovalyuta bazarı hansı nəticələrlə yadda qaldı?
2023-cü ildə kriptovalyuta bazarı ümumi bazar kapitallaşmasının 100%-dən çox artması ilə əhəmiyyətli dinamika nümayiş etdirmişdir. Son rübdə müşahdiə edilən artım “bitkoin-ETF”nin təsdiqi ilə bağlı bazar optimizmi və bu günə qədər davam edən qarşıdakı bitkoin halvinqinin ümidi ilə əlaqədar olmuşdur. Son zamanlar ETF bazarı gündəlik olaraq 1 milyard kapitallaşma əlavə edir ki, bu da qiymətə müsbət təsir göstərməyə bilməz.
“Binance”ın nəticələri haqqında danışarkən qeyd etmək istərdim ki, 2023-cü ilin sonuna qədər qeydiyyatdan keçmiş istifadəçilərimizin sayı 170 milyon olub. Bu gün isə onların sayı artıq 180 milyon təşkil edir. İstifadəçilərin bizə əmanət etdiyi aktivlərin həcmi isə 100 milyardı ötüb.
“Binance.com” saytında 1785 ticarət cütlüyü arasında ticarət üçün nəzərdə tutulmuş 431 kriptoaktiv açıqdır. Bu il kripto ödənişləri, P2P ticarəti və gəlir əldə etmə (Binance Earn) ilə bağlı xidmətlərimiz əhəmiyyətli dərəcədə artmışdır. Binance Pay və Card istifadəçilərinin sayı 70% artmışdır, bu gün dünya üzrə 3500 yeni tacir və tərəfdaşımız mal və xidmətlər müqabilində kriptovalyutanı qəbul edir.
Bizim P2P platformamız 970 ödəniş üsulunu və 112 fiat valyutasını dəstəkləyir. 2023-cü ildə ötən illə müqayisədə 18% daha çox əməliyyat həyata keçirilmiş, P2P istifadəçilərinin artımı isə 39% təşkil etmişdir. Binance Earn platforması da sürətlənmişdir: indi Simple Earn məhsul dəstində 362 aktiv dəstəklənir.
- Bu tendensiya davam edəcəkmi? Müştərilər 2024-cü ildə bazardan nə gözləməlidirlər?
- Hazırda ilk tarixi sikkə ətrafında təkcə “spot bitkoin ETF”lərin qəbulu deyil, bir sıra müsbət amillər baş verir. Bəlkə də, bitkoin qiymətlərinin artımında daha əhəmiyyətli amil halvinqdir.
Bitkoinin halvinqi hər dörd ildən bir baş verən hadisədir və kriptovalyutada əsas hadisədir, bunun nəticəsində bitkoin blokçeynində yeni blokların mayninqi üçün mükafat ikiqat azalır. Bununla da yeni sikkələrin təklifində azalma baş verir. Halvinq bitkoin qıtlığını əhəmiyyətli dərəcədə artırır ki, bu da tələbata təsir göstərə və bitkoinin rəqəmsal qızıl statusunu daha da gücləndirə bilər.
Bitkoin tarixən hər halvinqdən sonra altı ay ərzində nəzərəçarpacaq dərəcədə artım yaşamışdır. Bu cür qiymət dinamikası bazarın yeni “BTC”lərin azalan təklifinə reaksiyasını nəzərə çarpdırır, bundan əlavə, artan tələb tez-tez kriptovalyutanın dəyərini artırır. Lakin qiymət artmı üçün əlavə imkanların olub-olmaması bazarın ümumi əhvali-ruhiyyəsindən, tətbiqetmə sürətindən və ikiqat azalma hadisəsi zamanı təsir edən digər amillərdən asılıdır.
- Bu ilin əvvəlində ABŞ-də bitkoin “ETF”nin təsdiqlənməsi kriptovalyuta bazarına necə təsir göstərəcək?
- Bir çox investorlar “spot bitkoin-ETF”nin həm ənənəvi, həm də kriptovalyuta maliyyə bazarlarına, eləcə də bütövlükdə blokçeyn sənayesinə təsiri ilə maraqlanır. Bu ilk baxışdan aydın görünməyə bilər, lakin bu yenilik bitkoinin qiymətinə, rəqəmsal aktivlərə olan tələbata, likvidliyə və qəbula əhəmiyyətli dərəcədə təsir göstərə bilər. İlk növbədə optimistlər bunun bu sahədə daha da geniş yayılmasını və innovasiyanı təşviq edəcəyini gözləyirlər, çünki “ETF”lərin qanuniləşdirilməsi və əlçatanlığı potensial kriptovalyuta investorlarının kifayət qədər geniş dairəsi tərəfindən müsbət qarşılanacaqdır. Bütün bu müsbət nəticələrin həyata keçmə ehtimalı var, lakin onların ölçüsünü və miqyasını əvvəlcədən bilmək çətindir.
Bu kontekstdə qızıl üçün “ETF”nin tarixi ilə bağlı hadisəsini nəzərdən keçirməyə dəyər, baxmayaraq ki, “spot bitkoin ETF”nin analoji effekt verəcəyini gözləmək olmaz. Bitkoin kimi, qızılın da geniş ictimaiyyət tərəfindən əldə edilməsi nisbətən çətindir, belə ki, onu birbaşa almaq və saxlamaq üçün səy və resurslar tələb olunur. 2004-cü ildə idarə olunan aktivlərin ölçüsünə görə ən böyük qızıl ETF − SPDR Gold Shares (GLD) istifadəyə verildi və qısa zamanda 1 milyard dollardan çox ümumi aktiv dəyəri topladı. O, 2010-cu ilə qədər 50 milyard dolları ötdü. “ETF”lər əsas aktivə birbaşa sahib olmaqdan imtina etsə də, bu şərt daha çox əlçatanlığı təmin edir. Bu halda onlar investorların daha geniş dairəsi üçün əlçatan ola bilər ki, bu da aktiv üçün tələbin və likvidliyin artmasına səbəb olur. Qızıl “ETF”lərin artımı qızıl ticarətinin dinamikasında əhəmiyyətli dəyişikliyi göstərdi, artan əlçatanlıq isə bazar həcmlərinin və likvidliyin genişlənməsinə səbəb oldu.
Bu kimi üstünlüklər ABŞ-də “spot bitkoin-ETF” ilə də baş verə bilər və bu potensial olaraq yeni qəbul və innovasiya dövrünü açır. Bitkoin tez-tez “rəqəmsal qızıl” adlandırılsa da, biz bir aktivin tarixini digərinin gələcəyini proqnozlaşdırmaq üçün istifadə edə bilmərik. Lakin potensial nəticələri daha yaxşı anlamaq üçün həmişə paralellər aparıla bilər.
- Bəzən müxtəlif ölkələrdə təhlükəsizlik səbəbi ilə bəzi kriptobirjalara giriş məhdudlaşdırılır. Bu cür problemlərlə qarşılaşmamaq üçün birjalar hansı tələblərə cavab verməlidir?
- Birjalar ilk növbədə kriptovalyutalarla bağlı bütün yerli və beynəlxalq qanunlara uyğun olmalıdır. Bu, müəyyən yurisdiksiyada fəaliyyət göstərmək üçün müvafiq lisenziyaların və icazələrin alınmasını əhatə edə bilər.
Birjalar həmçinin maliyyə və kiber cinayətlərə qarşı mübarizə aparmaq üçün tənzimləyicilər və hüquq-mühafizə orqanları ilə effektiv şəkildə qarşılıqlı əlaqədə olmalı, həmçinin müştəri aktivlərinin təhlükəsizliyi üçün etibarlı müdafiə tədbirləri təklif etməlidir: qabaqcıl təhlükəsizlik texnologiyalarının istifadəsi, əməliyyatların şəffaflığının təmin edilməsi və müştəri vəsaitlərinin sığortalanması imkanı.
- Ümumiyyətlə, kriptovalyuta bazarının inkişaf tempi sizi qane edirmi?
- Bəli, tam qane edir, mən inkişaf tempini və blokçeyn texnologiyasını xüsusi olaraq qeyd etmək istərdim. Blokçeynin potensialına və onun maliyyə xidmətlərinə ümumdünya çıxışını təmin etmək, qlobal köçürmələri asanlaşdırmaq və tranzaksiya xərclərini azaltmaq qabiliyyətinə inanıram. Həmçinin hesab edirəm ki, bu texnologiya insanlara şəxsi məlumatlarına daha çox nəzarət etməyə imkan verməklə yanaşı, mərkəzləşdirilməmiş tətbiqlər vasitəsilə tərəqqiyə təkan verə bilər. Biz “Binance”da Web3-ün genişlənməsinin və inkişafının, habelə innovativ maliyyə texnologiyalarına çıxışı təmin edəcək ekosistemin yaradılmasının təşviqini davam etdirməyi planlaşdırırıq.
Əminəm ki, gələcəkdə kriptovalyutalar və blokçeyn hər bir sənaye sahəsinə nüfuz edəcək, biz isə sizinlə gündəlik məqsədlər üçün onlardan hər gün istifadə edəcəyik. Kriptovalyutalar bir çox mövcud çağırışları və problemləri həll edə bilər.
- Həm birjalar, həm də tənzimləyici orqanlar tərəfindən bu sahədə hansı istiqamətlərdə təkmilləşdirmələr aparıla bilər?
- Kriptobirjalar tənzimləyici orqanlarla fəal əməkdaşlıq etməli, onları bütün lazımi məlumatlarla təmin etməli və dialoqa cəlb etməlidir. Daimi ünsiyyət və konstruktiv dialoq əlverişli tənzimləmə mühitinin yaradılmasına kömək edə bilər. İkinci vacib məqam tənzimləmə texnologiyalarının (RegTech) tətbiqidir. Avtomatik monitorinq və tənzimləyici tələblərə riayət etmək üçün birjalar tərəfindən texnologiyaya investisiyaların qoyulması potensial olaraq tənzimləyicilərin yükünü yüngülləşdirə və nəzarət prosesini sadələşdirə bilər.
Bu istiqamətlərdə təkmilləşdirmələr həyata keçirməklə kriptobirjalar və tənzimləyici orqanlar arasında qarşılıqlı əlaqəni əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və bütün tərəflərin maraqlı olduğu kriptovalyuta sənayesinin sağlam inkişafına töhfə vermək mümkündür.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.