Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyi dəyişdirilib. Qurumun Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Mərkəzin idarə heyəti və müşahidə Şurasına yeni təhbərlik təyin edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Müşahidə şurasının qərarı ilə Əlizadə Elçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
1986-cı il iyulun 30-da Bakı şəhərində anadan olmuş Elçin Əlizadə, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə həmin universitetdə magistr dərəcəsini almışdır.
Əmək fəaliyyətinə 2007-ci ildə PAŞA Bank ASC-də Əməliyyat və Nəzarət şöbəsinin mütəxəssisi kimi başlayan Elçin Əlizadə, 2009–2019-cu illərdə Ernst & Young Azərbaycan şirkətində müxtəlif vəzifələrdə çalışmışdır.
2020-ci ilin iyun ayından etibarən PAŞA Bank ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2022-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışmışdır. 2023-cü ilin fevral ayında İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri, 2025-ci ildə isə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının sədri seçilmişdir.
Elçin Əlizadə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır.
Bundan başqa, Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında da yeni təyinatlar həyata keçirilib.
Qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 07 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib.
U.İbrahimova 7 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə ilə başa vurub, 2010-cu ildə isə Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat fakültəsini magistr dərəcəsi ilə bitirib. Əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də Xəzinədarlıq departamentində kiçik mütəxəssis kimi başlayıb, 2013–2022-ci illərdə bankda müxtəlif vəzifələrdə, o cümlədən Qlobal bazarlar şöbəsinin müdiri kimi çalışıb. Eyni zamanda, 2012–2016-cı illərdə “PAŞA Kapital investisiya şirkəti” QSC-də broker və diler kimi fəaliyyət göstərib. 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunub.
Həmin tarixli digər qərara əsasən, Ağahüseyn Kamal oğlu Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev 08 may 2023-cü il tarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
A. Xudaverdiyev 21 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 19 oktyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentində aparıcı mütəxəssis kimi başlayıb; sonrakı illərdə həmin qurumda baş mütəxəssis, şöbə rəisi, sektor müdiri vəzifələrində çalışıb. 2010-cu ilin aprel ayından 2016-cı ilin mart ayınadək QKDK-da Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsini icra edib. Azərbaycan kapital bazarının tənzimləmə və qanunvericilik çərçivəsinin hazırlanmasında fəal iştirakına görə bir sıra mükafatlara layiq görülüb, 2016-cı ildə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 sentyabr tarixli 3118 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Yeni təyinatlar Milli Depozit Mərkəzində institusional idarəetmənin daha da gücləndirilməsinə, maliyyə bazarlarının daha dinamik inkişafına və Mərkəzi Depozitarın strateji hədəflərinin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.













