Rəqəmsal ödənişlər üzrə dünyanın tanınmış şirkətlərindən olan İsveçin «Klarna» fintex-şirkətinin səhmləri kəskin ucuzlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, «Klarna»nın 2025-ci ilin sonuncu rübü üzrə açıqladığı, əslində olduqca müsbət hesabatdan sonra baş verib.
Hesabatdan məlum olub ki, 2025-ci ilin sonuncu rübündə ilk dəfə olaraq «Klarna»nın rüblük gəliri 1 milyard dolları keçib, daha dəqiqi 1,08 milyard dollara çatıb. Bu əvvəlki rüblə müqayisədə 38% artıqdır.
Artımın səbəbi şirkətin faiz gəlirlərinin artımı və «Klarna»nın yeni buraxılmış debet kartının satışlarının kəskin yüksəlməsidir. Belə ki, bir rübdə şirkətin kartlarının aktiv istifadəçilərinin sayı 4,2 milyona çıtıb.
Amma eyni zamanda şirkətin zərəri 241 milyon dollar təşkil edib, şirkət potensiala problemli kreditlər üzrə ehtiyat ayırmalarını artırıb. Nəticədə fevralın 19-da Nyu-York birjasında «Klarna»nın səhmləri 27% çökərək 13,85 dollara enib.
Səhmlərin ucuzlaşması fevralın 20-də də davam edib və həftənin son günü səhm qiyməti 13,08 dollara düşüb.
Şirkətin gözlənilən zərərlər üzrə ehtiyat ayırmaları rüb ərzində 59% artaraq 250 milyon dollara yüksəlib. Əslində ehtiyat ayırmaları şirkətin ümumi satışlarının 0,65%-ni təşkil edib. Əməliyyat xərcləri isə 325 milyon dollar olub - bunlar əsasən texnologiya və yeni məhsulların yaradılmasına çəkilən xərclərdir. «Bloomberg» isə bildirir ki, xərclərin artımı «Klarna»nın mənfəətə çıxmasını ləngidir.
Şirkətdə isə xərclərin artımına fərqli yanaşırlar, şirətin baş direktoru Sebastyan SÇemyatovski bildirir ki, kredit portfeli nə qədər çox artsa, gələcəkdə daha çox mənfəət əldə edəcək.
Hazırda analitiklərin 2026-cı ildə «Klarna» ilə bağlı yeganə narahatlığı odur ki, şirkət bu il öz əməliyyatlarının 155 milyard dollar olacağını planlaşdırır. Bu isə analitiklərin 158 milyard dollarlıq əvvəlki proqnozundan daha azdır.
Xatırladaq ki, fintex-servis «Klarna» 2025-ci ilin payızında ABŞ-da İPO edib və 1,4 milyvrd dollar cəlb edib. Həmin hesabla o vaxt şirkətin səhminin qiyməti 40 dollara yükəlmişdi. O vaxtdan indiyədək şirkətin səhmi 65% aşağı düşüb.
Ümumiyyətlə, şirkət son 2 rübü zərərlə başa vurur. Səbəbi odur ki, «Klarna» öz biznesini ilkin olaraq elan etdiyi «indi al, sonra ödə» məhsuluna, daha gəlirli uzunmüddətli kreditləri də əlavə edib. Nəticədə şirkət mümkün problemli kreitlərə görə, ehtiyat ayırmalarına başlayıb.
Hazırda «Klarna»nın məhsullarından 118 milyon nəfər istifadə edir ki, bu da son bir ildə 26 milyon nəfər artıqdır. Şirkətin satış nöqtələri isə 115 min artaraq 966 minə yüksəlib. Hər istehlakçıdan gələn orta gəlir isə 30 dollardır.












