Azərbaycan Mərkəzi Bankı (AMB) notların yerləşirilməsi ilə bağlı qaydalara dəyişiklik edib.
FED.az xəbər verir ki, yeniliyə əsasən indiyədək yalnız bankların almaq hüququ olan AMB-nin notlarını indi kommersiya şirkətləri də ala biləcək.
Bu barədə AMB-nin açıqlamasında bildirilir.
Mərkəzi Bank bildirir ki, yenilikdə məqsəd ölkədə inflyasiyanı azaltmaqdır: «İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Eyni zamanda inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin əməliyyat çərçivəsi davamlı şəkildə təkmilləşdirilir».
Bu məqsədlə AMB notlar üzrə hərracları davam etdirməyi və bu notlara vəsait yatıracaq potensial investorların sırasını genişləndirməyi qərara alıb: «Aparılmış təhlillər göstərir ki, monetar şəraiti və bank sisteminin likvidliyini effektiv tənzimləmək, banklararası pul bazarını daha da aktivləşdirmək, faiz dəhlizinin bu bazarda formalaşan qısamüddətli faizlərə təsirlərini gücləndirmək və manatın qısamüddətli gəlirlik əyrisinin qurulması məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərracların davam etdirilməsi məqsədəuyğundur. Not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1/3/6/9 ay) üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilmiş, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilmişdir».
AMB-nin notlarına «kənar» investorlar ehtiyatla, müəyyən çərçivəni gözləməklə buraxılacaq: «Qərara alınmışdır ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər.
Limitlər bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək məqsədilə tətbiq edilir».
AMB-da hesab edirlər ki, notlara əlavə investorların cəlb edilməsi qiymətli kağızlar bazarını aktivləşdirəcək:
«Qisamüddətli notların həcminin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcəkdir».
Amma bu da son deyil və AMB bazarı izləyərək yeni qərarlar verə bilər: «Mərkəzi Bank notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edəcəkdir. Pul bazarında gedən proseslərdən və Mərkəzi Bankın pul siyasəti hədəflərinə nail olunması vəziyyətindən asılı olaraq Mərkəzi Bankın qiymətli kağızlarının yerləşdirilməsi şərtlərinə yenidən baxıla bilər»-deyə ölkənin yeganə maliyyə tənzimləyicisinin açıqlamasında bildirilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür