ABŞ-ın inflyasiya məlumatlarından sonra Fed-in pul siyasətini daha da sərtləşdirəcəyi (faiz artıracağı) gözləntilərinin güclənməsilə riskli aktivlərdən çıxış kriptovalyutalara mənfi təsir göstərib. Bitcoin-in qiyməti 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəsinə düşüb.
Eləcə də bax: «Kriptovalyuta böyük fırıldaqdır və heç bir faydası yoxdur»
FED.az xəbər verir ki, Bitcoin 25 min dollara qədər ucuzlaşıb və 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəsini test edib. Bitcoin ilə yanaşı, kriptovalyuta bazarının digər mühüm valyutalarında da kəskin ucuzlaşmalar baş verib. Bitcoin son 7 gündə 17%-ə yaxın dəyər itirib.
Ethereum son 7 gündə 30 faiz dəyər itirib. Həftənin ilk əməliyyatlarında Ethereum 1320 dollara qədər ucuzlaşıb. Binance Coin, Cardano və Solana 17 faiz dəyər itirib.
Son zamanlar riskli aktivlər hesab edilən kriptovalyutalar, ABŞ-dakı yüksək inflyasiyanın daha aqressiv sərt pul siyasətinə səbəb olacağı gözləntilərilə ucuzlaşırlar.
ABŞ-da inflyasiya rəqəmlərinin proqnozları aşması, valyuta bazarlarında FED-in növbəti üç iclasının hər birində 0,50 bəndlik faiz artıracağı kimi qiymətləndirilir.
May ayında ölkədə inflyasiya illik 8,6 faizə yüksəlib. Baza inflyasiyası da gözləntiləri üstələyib. (Marja)