12 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredit Evi” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, “Kredit Evi” ASC Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200 min manata çatdırılmasını üzərinə götürür.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.
Adi adlı sənədsiz səhmlərin sayı 20,000 ədəd, hər birinin nominal dəyəri 20 manatdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.