Sabah "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyi, "Bakı Fond Birjası" QSC (BFB), beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətlərinin işitrakı ilə “Korporativ sektorda listinqlə bağlı yeniliklər və stimullaşdırma mexanizimləri” mövzusunda videokonfrans keçiriləcək.
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, videokonfransın keçirilməsində məqsəd korporativ sektorda listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən korporativ sektorda listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.
Videokonfransda BFB-nin, beynəlxalq audit/konsaltinq şirkətlərinin ekspertləri və AFBİA-ya üzv olan investisiya şirkətlərinin nümayəndələri kapital bazarından vəsait cəlb edilməsinin üsulları, cari ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat keçirəcək.
Eyni zamanda bu ay BFB-nin start verdiyi və listinqin stimullaşdırılmasına hədəflənən yeni mükafatlandırma mexanizmi barədə ətraflı məlumat veriləcək.
Kapital bazarı iştirakçıları tərəfindən kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edir.