"Regional" Bank Olmayan Kredit Təşkilatı istiqraz bazarının inklüzivliyinə daha bir addım atıb/
FED.az-ın əvvəl verdiyi məlumatına görə "Regional" Bank Olmayan Kredit Təşkilatının 1 milyon manat dəyərində istiqrazları dövlət qeydiyyatından uğurla keçib və Bakı Fond Birjasının Listinq Komitəsinin 19 sentyabr 2025-ci il tarixli qərarı ilə onların ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
"Regional" BOKT MMC-dən verilən məlumata görə, şirkətin bu emissiyası ilə buraxılan istiqrazların əvvəlki emissiyalardan fərqli olaraq, kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında ticarət olunması nəzərdə tutulub. Bu o deməkdir ki, həmin qiymətli kağızların əhali tərəfindən alışında heç bir məhdudiyyət yoxdur. Bir istiqrazın qiyməti cəmi 100 manatdır. İllik gəlirlilik faizi 16% olmaqla hər ay faiz ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
"Regional" BOKT-nın istiqrazlarının bazarda mövcud olan digər əksər analoji təkliflərdən fərqləndirdiyi cəhət odur ki, təşkilatın istiqrazların tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyi vardır. Başqa sözlə, əgər hər hansı bir müştəri təşkilata yatızdırdığı pul vəsaitini vaxtından əvvəl geri götürmək istəsə, o bunu asanlıqla və heç bir itkiyə məruz qalmadan edə bilər. Bu da həmin qiymətli kağızların cəlbediciliyini daha da artırır. Yeri gəlmişkən, istiqrazların dövriyyə müddəti 2 ildir. Qiymətli kağızların alışı üçün sifarişlər "Regional" BOKT və ya “XalqOnline” mobil tətbiqi vasitəsi ilə təqdim oluna bilir.
FED.AZ-ın həmin qiymətli kağızların etibarlılığı barədə verdiyi suala təşkilatdan bildirdilər ki, "Regional" Bank Olmayan Kredit Təşkilatı öz fəaliyyətini müasir standartlara uyğun olaraq tam şəffaf şəkildə qurmağı bacarıb. BOKT son illər dinamik şəkildə inkişaf etməkdədir, onun aktivləri 2023-cü ildə 80%, 2024-cü ildə 50% yaxın, 2025-ci ilin əvvəlindən isə 16% artım nümayiş etdirib.
PAR-30 göstəricisi 3% səviyyəsindədir ki, bu da orta bazar indeksi ilə müqayisədə müsbət göstəricidir. Şirkət mənfəətlə fəaliyyət göstərir və əvvəllər buraxdığı qiymətli kağızların faiz ödənişlərinin icra keyfiyyətinə və dəqiqliyinə görə müştəri məmnuniyyəti indeksini yüksək səviyyədə saxlamışdır ki, bu da öz növbəsində yeni emissiya edilmiş qiymətli kağızların bazarda uğurla yerləşdiriləcəyinə optimistik yanaşma üçün ciddi əsas yaradır. “REGİONAL” BOKT MMC artıq 11 ildir ki Azərbaycan maliyyə bazarında fəaliyyət göstərir.
Düşünürük ki, həmin qiymətli kağızlara yatırım edən şəxslər üçün bu addım faydalı investisiya növü olacaq.