İnvestisiya fondlarının yaradılmasında ən vacib infrastruktur onların aktivləri üzrə depozitar fəaliyyətini həyata keçirən qurumdur.
FED.az xəbər verir ki, Maliyyə və İnvestisiya Forumunda Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müşaviri Müşfiq Əhmədli bildirib ki, qanuna əsasən, investisiya fondları yaradılan zaman aktivlərinin qeydiyyatını aparan depozitar təyin edilməlidir.
Azərbaycanda investisiya fondlarının yaradılmasına maraq olmasına baxmayaraq, əsas problem özəl maliyyə sektorunda belə depozitarların mövcud olmamasıdır. Bu isə bazarın həcmi və şərtlər səbəbindən onların yaradılmasının gəlirli olmaması ilə əlaqədardır.
Bu vəziyyəti nəzərə alan nəzarət orqanı qanuna dəyişiklik edərək investisiya fondlarının depozitar funksiyasının Milli Depozit Mərkəzinə verilməsini təmin edib.
"Artıq MDM lisenziya almadan investisiya fondlarının aktivlərinin depozitarlığını həyata keçirə bilər.
MDM bu funksiyanın həyata keçirilməsi üzrə layihəyə başlayıb, ilkin əməliyyat sxemləri hazırlanıb. Layihənin tətbiqi bir neçə sistem arasında məlumat mübadiləsini tələb etdiyindən mərhələli şəkildə həyata keçiriləcək"- deyə o məlumat verib.