Dekabrın 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərraclar (1 gündə 2 hərrac) keçirilib. Amma əvvəlki hərraclardan fərqli olaraq bu dəfə istiqrazları tam yerləşdirmək mümkün olmayıb.
FED.az xəbər verir ki, dekabrın 27-də birjaya Maliyyə Nazirliyi 2 istiqraz çıxarıb. Bunlardan biri (AZ0104100018 ISIN) 364 günlük və ya 1 illik 150 milyon manat həcmində qısamüddətli istiqaz, 2-cisi isə (AZ0105003997 ISIN) yenə də 150 milyon manatlıq 728 günlük - 2 illik orta müddətli istiqrazlar olub.
Hər iki istiqraza maraq əvvəlcə böyük olub.
1 illik istiqrazlara 69 sifariş verilib, sifavrişlərin ümumi həcmi 280 milyon manatı keçib. 23 investor tərəfindən qiymət intervalı 87.7784 (13.9999%) manat və 94.3955 (5.9699%) manat olan 46 sifariş təqdim edilib. Maliyyə Nazirliyi isə istiqrazların kəsmə qiymətini 92.2139 (8.49%) manat, orta ölçülmüş qiyməti isə 92.6227(8.0087%) manat olaraq müəyyən edib. Nəticədə 280 milyon manatlıq sifariş qarşısında 150 mlyonluq istiqrazın yalnız 120 milyon manatlıq hissəsi yerləşdirilib. İstiqrazların ödəmə tarixi 26.12.2023-cü ildir.
Oxşar vəziyyət 2 illik istiqrazlarda da yaranıb – investorların marağı böyük olub – 137 milyon manat. 23 investor tərəfindən qiymət intervalı 78.2700 (17.9%) manat və 95.1773 (7.13%) manat olan 40 sifariş təqdim edilib. Maliyyə Nazirliyi isə istiqrazların kəsmə qiymətini 90.2652 (9.99%) manat, orta ölçülmüş qiyməti isə 91.4869 (9.2604%) manat müəyyən edib. Nəticədə 137 milyon manat sifariş qarşısında istiqrazların 60 milyon manatlıq hissəsi yerləşdirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.