“InvestAZ İnvestisiya şirkəti”-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
135 milyonluq istiqrazların yerləşdirilməsi üzrə hərraclar keçiriləcək - ŞƏRTLƏR
Ötən həftənin cümə günü ABŞ-da dərc olunan əmək bazarı ilə bağlı hesabatın FED-in bu ay faiz dərəcələrini sabit saxlayacağına dair ehtimalları gücləndirməsindən sonra, Amerikada qeyd olunan əmək bayramı fonunda daha qısa olan cari həftə zəngin iqtisadi təqvim ilə müşayiət olunacaq. Fond birjaları keçən həftəni güclü qazanclarla başa vurduqdan sonra sentyabr ayına girərkən, Çindən gələn makroiqtisadi məlumatlar dünyanın iki nömrəli iqtisadiyyatı ilə bağlı narahatlıqları artıra bilər. Avstraliya və Kanada Mərkəzi Banklarının ardıcıl üçüncü iclaslarında birjaları təəccübləndirməyəcəyi düşünülsə də, tədarüklə bağlı narahatlıqların neft qiymətlərini dəstəkləyəcəyi təxmin edilir.
Cümə günü açıqlanan əmək bazarı hesabatı, iqtisadiyyatın yumşaq eniş olaraq adlandırılan dövrə doğru getdiyini göstərən bir sıra iqtisadi məlumatların sonuncusu idi və FED-in faiz artımı dövrünün sonuna yaxınlaşdığı fikrini dəstəkləyir.
Cari həftə ərzində açıqlanacaq məlumatların bu görüşü ciddi şəkildə dəyişdirməsi gözlənilmir.
Çərşənbə günü Təchizat İdarəetmə İnstitutu (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi ilə bağlı avqust məlumatlarını açıqlayacaq və iqtisadçılar məlumatların bir qədər zəifləyəcəyini ehtimal edirlər.
Həmin gün FED bankın 12 regionda iqtisadi fəaliyyətinə dair sorğusu olan “Bej Kitab” hesabatını açıqlayacaq.
İnvestorlar həmçinin çərşənbə günü Dallas FED-in sədri Lori Loqan və bir gün sonra Nyu-York FED-in sədri Con Uilyams, sədr Mişel Bouman, sədr Maykl Barr və Çikaqo FED-in sədri Austan Qullsbi də daxil olmaqla bir neçə FED rəsmilərini dinləmək şansı əldə edəcəklər.
Ötən həftənin əvvəli 102.98 bənd həddinə qədər geriləsə də, cümə günü Amerikada proqnozların üzərində açıqlanan əmək bazarına dair statistik göstəricilərdən sonra 104.34 bənd həddinə kimi yüksələn dollar indeksi, həftəni bu həddə başa vurdu.
“Dow Jones” və “Nasdaq” indeksləri keçən həftə müvafiq olaraq 1.4% və 3.2% bahalaşaraq, iyul ayından bəri ən güclü həftəlik göstəricilərini nümayiş etdirdilər. “S&P 500” 2.5% dəyər qazanaraq iyun ayından bəri ən yaxşı həftəsini keçirdi.
Cümə günü iş yerləri ilə bağlı hesabat FED-in bu ayın sonrakı iclasında faiz artımını dayandıracağına dair proqnozları gücləndirdi.
“FED Rate Monitoring Tools”-a görə, investorların FED-in 19-20 sentyabr tarixlərində keçiriləcək iclasında faiz dərəcələrini dəyişməyəcəyinə dair ehtimallarının 94% olduğunu göstərir.
Bazar ertəsi ABŞ fond bazarları Əmək Günü tətili ilə bağlı olaraq ticarətə qapalı olacaq.
Gələn həftə Çindən gələn iqtisadi məlumatlar, əsas ixrac bazarlarında zəif tələb və dərinləşən daxili daşınmaz əmlak böhranı iqtisadi artıma aşağı istiqamətli təzyiqi artırdığından, iqtisadi canlanmanın kövrək qaldığını göstərə bilər.
Avqust ayı üçün “Caixin” Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi çərşənbə axşamı günü açıqlanacaq və xidmət sektorunda genişlənmənin keçən ay bir qədər yavaşladığını göstərəcəyi proqnozlaşdırılır.
Cümə axşamı açıqlanacaq ticarət məlumatlarının, avqust ayında ixrac və idxalın iyul ayına nisbətən daha yavaş olsa da, əvvəlki ilə nisbətən yenidən daraldığını göstərməsi gözlənilir.
Bazar izləyiciləri şənbə günü açıqlanacaq avqust ayı İstehlak Qiymətləri İndeksin məlumatlarına da baxacaqlar. Məlumatlar iyul ayında deflyasiya zonasına düşən istehlak qiymətlərinin artdığını göstərə bilər.
Çin rəsmiləri resessiyaya uğrayan iqtisadiyyatı canlandırmaq üçün bir sıra tədbirlər görüblər. Lakin bir çox analitiklər artan borc riskləri ilə bağlı narahatlıqlar fonunda daha möhkəm stimulun təklif edilməsi şansının az olduğunu görürlər.
EUR
Ötən həftənin əvvəli 1.0945 həddinə kimi bahallaşan EURUSD məzənnəsi həftənin son ticarət günü Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda ucuzlaşaraq həftəlik şamı 1.0793 civarında tamamladı. Əgər “ayılar” məzənnənin qiymətini 1.08$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Avrozonada açıqlanacaq rüblük və illik müqayisədə ÜDM-in həcmi, Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftənin əvvəli dollar qarşısında 1.2745 həddinə kimi bahalaşan funt-sterlinq cümə günü 1.2586 həddinə qədər gerilədi. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan və Avrozonadan açıqlanacaq makroiqtisadi göstəricilər təsir edə bilər.
OİL
Neft qiymətləri cümə günü tədarük proqnozunun sərtləşməsi ilə bağlı narahatlıqlar fonunda iki həftəlik itkiləri kompensasiya edərək, yeddi aydan çox müddətdə ən yüksək səviyyəyə qalxdı.
Həftəlik əsasda “Brent” nefti təxminən 4.8% bahalaşaraq iyulun sonundan bəri ən çox həftəlik qazanc əldə edib. “WTI” nefti isə 7.2% dəyər qazanaraq mart ayından bəri ən böyük həftəlik qazancını qeyd edib.
Səudiyyə Ərəbistanının könüllü neft hasilatının sutkada 1 milyon barel azaldılmasını və “OPEC+” tərəfindən qiymətləri dəstəkləmək üçün nəzərdə tutulmuş tədarük məhdudiyyətlərini oktyabr ayına qədər uzadacağı ehtimal edilir.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, kommersiya məqsədli xam neft ehtiyatları son altı həftənin beşində azalıb, eyni zamanda ABŞ-da tələb proqnozu güclü olaraq qalır.
Cari ticarət həftəsi ərzində Avstraliya və Kanada Mərkəzi Banklarının faiz qərarları, İsveçrə, Avstraliya və Yaponiyada rüblük, eləcə də illik müqayisədə ÜDM-in həcmi, həmçinin Almaniyada və Türkiyədə İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
___________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.