Ölkənin aparıcı investisiya şirkəti olan «InvestAz» özünün yeni müasir ofisini təqdim edib. Yeni ofisdə təşkil olunan ilk tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və ölkədə ilk dəfə olaraq Azərbayan Mərkəzi Bankının notlarına qeyri-bank sektorunun da investisiyalarının cəlbinə həsr edilib.
İyunun 23-də «InvestAz İnvestisiya Şirkəti»nin yeni istifadəyə verilmiş da ofisində “Yeni yatırımlarla birgə inkişaf edək” adlı tədbir keçirilib.
İki mövzuya – «Heydər Əliyev - 100 il və iqtisadi islahatlar iris» və «Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notlara fərqli investisiya baxışı» həsr olunmuş tədbirdə Azərbaycan Mərkəzi Bankının, ölkənin ən iri şirkətlərin rəhbər nümayəndələri, investisiya şirkətləri, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin nümayəndələri, millət vəkilləri iştirak edib.
«InvestAz»da «Heydər Əliyev – 100 il guşəsi»
Tədbirdə çıxış edən «InvestAz» şirkətinin yaradıcısı və rəhbəri - Müşahidə Şurasının sədri Elşən Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və iqtisadi dirçəlişindəki rolu barədə danışıb: «Ümummilli lider Heydər Əliyevin Azərbaycanın taleyüklü məsələlərində verdiyi mühüm qərarlar sayəsində biz bu gün müstəqil Azərbaycan vətəndaşı olmaqla fəxr edirik. 2023-cü ildə ölkəmiz və Dünya Heydər Əliyevin 100 illik yübleyi tədbirlərinə şahidlik edir».
Ölkənin investisiya şirkətləri arasında ilk dəfə olaraq ayrıca, müasir ofisini yaradan «İnvest-Az» burada “Heydər Əliyev 100 il guşəsi” formalaşdırıb: «Biz də yeni ofis binamızda xüsusi bir bölməni Heydər Əliyevin adını əbədiləşdirmək üçün ayırmışıq. Heydər Əliyevin əbədi ruhu qarşısında baş əyirik, Allah ulu öndərimizə rəhmət etsin».
Şirkətlər üçün yeni qazanc imkanı – Mərkəzi Bankın notları
Tədbirin ikinci hissəsi Azərbaycanın qiymətli kağızlar bazarında bir qədər əvvəl tətbiq edilmiş mühüm yeniliyə - aprel ayından başlayaraq Mərkəzi Bankın notlarının hüquqi şəxslərə də satışına icazə verilməsinə həsr olunub.
Nəticədə indi Mərkəzi Bankın notlarına əvvəlki kimi təkcə banklar deyil, müəyyən tələblərə cavab verən hüquqi şəxslər də yatırım edə bilərlər.
«Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notlara fərqli investisiya baxışı»nı təqdim edən E.Quliyev bildirib ki, Azərbaycanda digər sahələrdə baş verən inkişaf kapital bazarlarına da müsbət təsirini göstərir. Kapital bazarlarının inkişafı, bu bazara özəl şirkətlərin də cəlb edilməsi ilə bağlı yeni qərarlar qəbul olunur:
«Belə ki, Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ilin aprel ayından başlayaraq Mərkəzi Bankın emissiya etdiyi notların müəyyən parametrlərə uyğun gələn hüquqi şəxslərə satışına ilk dəfə icazə verilib. Şirkətimiz bu təşəbbüsü yüksək həvəslə dəstəkləyir və bununla da investor bazasının genişləndirilməsi ideyasını inkişaf etdirmək istəyir. Bu yeni imkan Mərkəzi Bankın likvidliyin effektiv idarə olunmasında rolunu artırmaqla yanaşı, hüquqi şəxslərə də yeni investisiya alətlərinə yatırım fürsətləri təqdim etməkdədir».
«InvestAz» şirkətinin rəhbəri bildirib ki, yeni qərar qiymətli kağızlar bazarı üçün maraqlı və faydalı olsa da, hələlik bununla bağlı məlumatlar məhduddur: «Azərbaycan ictimaiyyətində, Azərbaycanın aktiv fəaliyyət göstərən şirkətlərində bu barədə məhdud məlumat var. Bunu nəzərə alaraq tədbir çərçivəsində bu investisiya alətini barədə geniş məlumatlar verəcəyik. Bugünkü xüsusi tədbir çərçivəsində Azərbaycanın iri şirkətlərinin rəhbərləri və xüsusi nümayəndələri ilə fikir mübadiləsi də aparmağı nəzərdə tuturuq».
Bank depozitinə bənzəyən yeni investisiya aləti
«InvestAz»ın rəhbəri bildirib ki, Mərkəzi Bankın notları uzun illərdir mövcuddur və bu məhsulu yalnız tənzimləyicinin nəzarətində olan banklar və sığorta şirkətləri alırdı. Aprel ayından etibarən isə bu məhsula hüquqi şəxslərin də investisiya etmək imkanı yaradılıb:
Bununla da qiymətli kağızlar bazarına şirkətlərin investisiya imkanları artırılıb. Bu çox böyük və önəmli bir yenilikdir, Mərkəzi Bankın notlarını qısamüddətli depozit kimi də nəzərdə tuta bilərsiniz. Azərbğaycan manatı ilə Mərkəzi Bankın notlarına yatırılan investisiya çox likvid bir alətdir».
«InvestAz» iki ay müddətinə komissiyaları ləğv edir
E.Quliyev bildirib ki, son statistik məlumatlar da Mərkəzi Banın notlarının çox gəlirli bir investisiya aləti olduğunu göstərib. «InvestAz» rəhbəri elan edib ki, şirkət bu prosesə öz dəstəyini vermək üçün komissiyaları ləğv edib: «Biz bu günə özəl olaraq ölkənin investisiya şirkətləri arasında ilk dəfə olaraq təbliğat məqsədilə yaxın 2 ay ərzində komissmiyaları tamamilə ləğv etməyi qərara almışıq və bu gün burada bu qərarı elan edirik. Azərbaycanın bütün şirkətlərini də bu investisiyalardan istifadə etməyə çağırırıq».
Şirkət rəhbəri xatırladıb ki, AMB-nin notlarının bank depozitlərindən böyük fərqi likvid və qısa müddətdə pula çevrilə binlən alət olmasıdır: «Bunun üçün hər hansı investisiya şirkətində hesabınızın olması yetərlidir. Biz bunu öz müştərilərimizə xüsusi xidmət olaraq göstəririk və bu sahədə sizi də əməkdaşlığa dəvət edirik».
AMB-nin notlarını alanlar 86 milyon manat qazanıblar
Tədbirdə Mərkəzi Bankın notları və onların qazanc imkanları ilə bağlı maraqlı statistika açıqlanıb. Məlum olub ki, son il yarımda notlara yatırım edənlər 86 milyon manat gəlir əldə ediblər: «Mərkəzi Bankın bu aləti barədə qısa bir statistik məlumat versək, son bir il yarım ərzində AMB-nin təqribən 6 milyard manat həcmində notları emissiya olunub və bu emissiyalara 27 milyard manatdan artıq tələb olub. Bu müddət ərzində AMB emissiya olunan notlara görə 86 milyon manatdan artıq gəlir qazandırıb. Bu çox böyük və maraqlı rəqəmlərdir».
Elşən Quliyev bildirib ki, Azərbaycan Mərəzi Bankın atdğı bu addım, yəni qeyri-dövlət və bank olmayan təşkilatlara açılan bu xidmət kapital bazarlarının inkişafı üçün çox böyük bir təkandır: «Bu işlərə görə də Mərkəzi Banka buradan ayrıca təşəkkür edirik».
«15 ildir bu sektordayıq, həm fiziki şəxslər, həm də korporativ şirkətlərə xidmət göstəririk»
Qeyd edək ki, tədbir «İnvest-Az»ın yeni istifadəyə verilmiş müasir ofisində keçirilib. Şirkət rəhbəri bildirib ki, yeni ofisin açılması ölkə rəhbərliyinin apardığı quruculuq işlərinin və Azərbaycan kapital bazarlarının inkişafının göstəricisidir: «Yəni Azərbaycan elə sürətlə inkişaf edir ki, investisiya şirkətləri özlərində bu gün müasir ofislər və xidmət göstərə biləcək şərait yarada bilirlər».
Tədbirin keçirildiyi ofisin birinci mərtəbəsi həm də «İnvest-Az»ın riteyl ofisidir: «Biz təqribən 15 ildir ki, bu istiqamətdə fəaliyyət göstəririk. Həm fiziki şəxslər, həm də korporativ şirkətlərə verə biləcəyimiz xidmətlərimiz çoxdur».
«Azərbaycanın kapital bazarının potensialı indikindən bir neçə dəfə artıqdır»
Şirkət rəhbəri bildirib ki, Azərbaycanın kapital bazarı bundan sonra da inkişaf edəcək və kapital bazarının dərinləşməsi davam edəcək.
«Ən əsası, bu dərinləşmə bizim tərəfdaşlarımızın, korporativ şirkətlərin istəyi ilə formalaşacaq. Biz arzu edirik ki, bundan sonra Azərbaycanın kapital bazarlarındakı dərinləşmə ölkə iqtisadiyyatının inkişafından geri qalmasın. Azərbaycanın kapital bazarının potensialı bundan da çoxdur, məncə bir neçə dəfə artıqdır»-deyə Elşən Quliyev bildirib.
Tədbirdə digər qonaqlar, o cümlədən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və millət vəkili Rüfət Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün həyata keçirdiyi islahatlar, ölkənin kapital bazarlarında baş verən yeniliklər və onun iqtisadi proseslərə təsiri ilə bağlı fikirlərini bölüşüblər.