“İnvest-Az” investisiya şirkəti, 2019-cu ildə əməliyyat həcminin 70% azalmasına aydınlıq gətirib.
FED.az-a açıqlama verən şirkətin direktor müavini Orxan Bağırov bildirib ki, əməliyyatların həcminin azalması Bakı Fond Birjasının (BFB) törəmə maliyyə alətlərinin həcminin statistik göstəricilərdən çıxarması olub. Məhz buna görə, şirkətin əməliyyat məbləğində azalma qeyd alınıb.
Eləcə də bax:“İnvest-Az”ın dövriyyəsində kəskin azalma – 70% GERİLƏYİB - SƏBƏB
“Həmin həcm yenə də var. Sadəcə BFB bu göstəricini açıqlamağı məqbul hesab etməyib. Ən çox törəmə əməliyyatları işləyən şirkətlərdən biri də bizik. Ona görə, də statistikamıza təsirsiz ötüşməyib. Törəmə maliyyə aləlləri olmadan baxsaq əslində bu il artım var” – deyə Orxan Bağırov bildirib.
Xatırladaq ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “İnvest-Az” investisiya şirkətini cəmi əməliyyatlarının həcmi 3,4 dəfə azalıb. Daha dəqiq qeyd etsək azalma 3 milyard 281 milyon manat və ya 71,25% olub. Belə ki, 2018-ci ildə şirkətin cəmi əməliyyatlarının həcmi 4 milyard 605 milyon manat olduğu halda 2019-cu ildə bu rəqəm 1 milyard 324 milyon manata düşüb.
Orxan Bağırovun sözlərinə görə,2018-ci illə müqayisədə 2019-cu ildə foreks əməliyyatlarında cüzi azalma olub. Həmçinin Orxan Bağırov marja ticarəti ilə bağlı şirkətin saytında göstərilməli olan məlumatlar barədə də açıqlama verib. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı işlər aparılır və mart-aprel aylarına bu işlər yekunlaşacaq.
Qeyd edək ki, yeni tələblərə görə, marja ticarəti ilə məşğul olan şirkətlər öz saytlarında onlarla birgə əməkdaşlıq çərçivəsində neçə nəfərin qazandığı və itirdiyi say olaraq göstərilməlidir.
Bundan başqa şirkətin gələcək planlarından danışan Orxan Bağırov bildirib ki, 2020-ci il üçün əsas planları əməliyyatları artırmaq və yeni məhsullar yaratmaqdır. Əsas da yeni məhsullar üzərində çalışacaqlarını bildirib.