Saxo Bank-ın analitiki gələn il dünya iqtisadiyyatı üçün şok ssenariləri açıqlayıb.
Dünyada hipersürətli silahlarla silahlanma yarışı başlayır, qadın treyderlər ordusu Reddit platforması vasitəsilə maliyyə bazarlarını çökdürür, Facebook-u sarsıdıcı zərbə gözləyir, alimlər isə ömrü 25 il uzadan yeni kokteyl icad edərək pensiya sistemini zərbə altında qoyacaqlar.
FED.az-ın məlumatına görə, Danimarkanın məşhur Saxo Bank-ının analitiki Stin Yakobsen hesab edir ki, qarşıdan gələn 2022-ci il, tarixdə məhz belə qala bilər. Stin şok proqnozları artıq 20 ildir ki, hazırlayır və şok proqnoz olmasına baxmayaraq onlardan bəziləri düz çıxır.
Saxo Bank-ın investisiyalar üzrə direktoru və sahibkarlar arasında şok proqnozları ilə məşhur olan Stin Yakobsen hesab edir ki, 2022-ci il inqilabi dəyişikliklər ili olacaq. Doğrudur, onun sözlərinə görə, söhbət hansısa hökumətin fiziki olaraq yıxılmasından getmir. Ekspertin sözlərinə görə, söhbət ondan gedir ki, «ilhama gəlmək, qəflətən kamilləşmək» anları insanların düşüncəsində və davranışlarında dəyişikliklər yraadacaq, bu isə indiyədək mövcud olan qaydaların dəyişməsi ilə nəticələnəcək.
«Gələn il üçün şok proqnozların əsas mövzusu – inqilabdır. Cəmiyyətdə o cümlədən iqtisadiyyatda, gərginlik artır. Söhbət artıq inqilabın olub-olmayacağından getmir (yəni o hökmən olacaq), məsələ onun nə vaxt və necə baş verəcəyindədir. Sözsüz ki, inqilab – irəliyə aparan yeganə yoldur»-deyə bankirin hesabatında deyilir.
Hipersilah nəhəng hərbi gəmiləri «metallom»a çevirəcək
Gələn il baş verməsi gözlənilən ən inqilabi və qorxulu hadisələrdən biri yeni hipersürətli texnologiyaların yaradılması və onlarla silahlanma yarışıdır. Bu proses bütün iqtisadiyyata mənfi təsir göstərməklə yanaşı, yeni «soyuq müharibə»yə səbəb olacaq. Analitik yazır ki, bir qədər əvvəl aparılan hipersürətli silahların sınaqları həyacan doğurur, çünki onların qarşısında nəinki ənənəvi, hətta nüvə silahları da köhnəlmiş sayılır.
Bu ilin yayında Çin hipersürətli aparatın sınağını keçirdi, hansı ki, əvvəlcə Yer ətrafı orbitə çıxıb, sonra yenidən atmosfera qayıdıb hədəfi vurmağa qadirdir. «Bu sınaq ABŞ ordusunun yüksək hərbçilərini sarsıtdı. 2022-ci ildə, əgər maliyyələşmə istiqamətlərinə baxsaq, ABŞ və Çin arasında iqtisadi və hərbi rəqabətin əsasında bu sahə dayanacaq»-deyə Yakobsen fikrini əsaslandırır. Onun sözlərinə görə, məsələ ABŞ və Çinlə bitməyəcək, yarışa Rusiya, Hindistan, İsrail və Avropa Birliyi də qatılacaq.
Proqnozlara əsasən, əgər iri dövlətlər arasında belə silahlanma yarışı başlasa, milyard dollarlarla qiyməti olan hərbi gəmilər faydasız olacaq. Çünki onlar hipersürətli raketlərin qarşısında müdafiəsiz qalacaq.
Bu dəfəki seçki ABŞ dollarını çökdürə bilər
Yakobsenin bir sıra proqnozları ABŞ-dakı vəziyyətə aiddir. Məsələn o hesab edir ki, ABŞ konqresinə gələn ilin noyabr ayına nəzərdə tutulan seçkilər ölkədə konstitusiya böhranı, dolların məzənnəsnin çökməsi ilə nəticələnə bilər. Bu isə öz növbəsində dünyadakı bütün aktivlərin qeyri-sabitliyinə və dünyanın rezerv valyutasının dəyişməsinə səbəb ola bilər.
Dotasiyaya öyrəşib maaşdan imtina edəcəklər
Saxo Bank-ın ABŞ-la bağlı ən narahatedici proqnozlarından biri inflasiya barədədir, analitik hesab edir ki, gələn il ABŞ-da inflyasiya 15%-ə yüksələ bilər. Bu İkinci Dünya Müharibəsindən sonra ən yüksək göstəricidir.
Yakobsenin fikrincə, ABŞ-ın Federal Rezerv Sisteminin rəhbəri Cerom Pauell səhv olaraq hesab edir ki, COVİD-19 bitdikdən sonra milyonlarla amerikalı yenidən işə qayıdıb boş vakansiyaları olduracaqlar.
«Bu baş verməyəcək. Bəzi amerikalılar böhrana görə pensiyaya vaxtında çıxıblar, bununla da işçi qüvvəsinin sıralarını birdəfəlik tərk ediblər. Başqaları isə pandemiya dövründə böyük dotasiyaları görəndən sonra aşağı maaşlı işə qayıtmayacaqlar və bazarda daha yaxşı maaşlı işi gözləyəcəklər»-deyə Saxo Bank-ın analitiki Yakobsen bildirir və nəticədə «ABŞ-ın fond və kredit bazarlarında böyük qeyri-sabitlik» gözləyir.
Qadınlar və gənclər Facebook-u çökdürəcəklər
Yakobsen bildirir ki, 2022-ci ildə nəsil və gender problemləri də şok yarada bilər. Onun fikrincə, gənclər onların şəxsi məlumatlarından qazanc məqsədilə istifadə edilməsinə etiraz olaraq Fecebook-u və başqa şəbəkələri tərk edəcəklər. Onun sözləri həqiqətə yaxındır – 2012-ci ildə yeniyetmələrin 94%-nin Facebook-da hesabı vardı, indi belələri 27%-dir.
«Facebook gənclər üçün canlı saytdan yaşlılar üçün platformaya çevrilib»-deyər Yakobsen və nəticədə şirkətin qiymətinin 30%-dək azalacağını gözləyir.
Qadınların birjaya hücumu başlayır: «Hörmət etməyəni məhv edəcəyik»
Növbəti şok-proqnoz - «populyar internet-forum olan Redditin «qadınlar ordusu» şirkətlərin hegemonluğuna son qoyacaq». Ekspert bildirir ki, həmin proses belə baş verəcək: Qadınlar daha kişilərin rəhmdarlığını gözləmək istəmirlər və #metoo kimi kampaniyaların dəstəyi ilə özlərinin maliyyə bazarlarına təsirini artırmaq niyyətindədirlər.
Proqnozda deyilir ki, qadın treyderlər qrupu Reddit üzvlərinin təcrübəsindən istifad edərək gender bərabərliyini pozan şirkətlərə qarşı koordinasiya edilmiş hücumlar təşkil edəcəklər. Bu isə həmin şirkətlərin səhmlərinin qiymətlərini akəskin ucuzlaşdıracaq, hətta ola bilər müflis edəcək.
Paralel olaraq treyder qadınlar pullarını başqa şirkətlərə – rəhbərliyində qadınların təmsil olunduğu təşkilatlara yönəldəcəklər. «Bu zaman bütün dünyadakı «satqın siyasətçilər» isə seçicilərin səslərini qazanmaq üçün bu hərəkatı dəstəkləyəcəklər, nəticədə «gender bərabərliyi» yaranacaq. Amma bu da maliyyə bazarlarına mənfi təsir edəcək»-deyə müəllif bildirir.
İnsanı 25 il cavanlaşdıran kokteyl tapılacaq
Saxo Bank-ın 2022-ci illə bağlı narahatedici proqnozları ilə yanaşı, müsbət gözlənti də var. Ekspert hesab edir ki, gələn il tibbdə əldə edilən yenilik sayəsində insanların orta ömür uzunluğunu 25 il artırmaq olacaq.
«Müalicəvi vasitələrdən elə bir «kokteyl» yaradılacaq ki, hüceyrə səviyyəsində prosesləri tənzimləyə biləcək. Nəticədə həm hüceyrələrin, həm də bütün orqanizmin ömrü uzanacaq. 80 yaşlı insan təqribən 50 yaşdakı kimi olacaq. «Daima cavanlar» yaranacaq»- Yakobsen bildirir.
DNK-ları redaktə edib xəstəlikləri «yaddaşdan pozacaqlar»
Ömür uzunluğunda gözlənilən yaxşılaşmanın bir səbəbi də əksər xəstəliklərin aradan qaldırılması olacaq. «Bu DNK-nın redaktəsi sayəsində baş verəcək. Bu zaman hüceyrələrin yenilənməsi onların bölünməsi hesabına deyil, mövcud olanların «yenidən yazılması» baş verir»-deyə Yakobsen bildirir. Amma onun sözlərinə görə, tibbdəki bu sıçrayış indiyədək görünməyən dərəcədə böyük - etik, ekoloji və maliyyə böhranları yarada bilər.
Ölməyə tələsməyən insanlar pensiya sistemini çökdürəcək
«Təsəvvür edin ki, indi hamı 115 yaş yaşayacağını və sağlam olacağını gözləyir. Bütün bunlar pensiya sistemi üçün necə nəticələnəcək? Bəs milyardlarla əlavə insanı yedirtmək üçün qida çatacaqmı? Planetdə qiymətlər hara yüksələcək? Ümumiyyətlə bu «cavanlıq kokteyli» maliyyə baxımından hamı üçün əlçatan olacaqmı? – deyə analitik cavanlıq kokteyli proqnozuna sevinənlərin qanını qaraldır.
Şok proqnoz deyib keçməyin - azı 6 proqnozu düz çıxıb
Qeyd edək ki, Saxo Bank-ın analitiki Stin Yakobsen belə proqnozları artıq 20 ildir ki, verir. Onların əksəriyyətinin baş vermə ehtimalının aşağı olması və həyata keçməyəcəyi məlumdur. Bununla yanaşı, hətta ən inanılmaz görünən proqnozlar da bəzən reallaşa bilir. Ekspert etiraf edir ki, indiyədək azı 6 qeyri-adi proqnoz reallaşıb. Bunlar Britaniyanın Avropa Birliyindən çıxması (bu məsələnin müzakirəsindən 2 il əvvəl verilmiş proqnoz), S&P500 indeksinin 2007-ci ildəki maksimumlardan sonra 25% aşağı düşəcəyi və Almaniyanın 2018-ci ildə tənəzzülə keçəcəyidir.
Yeri gəlmişkən, 2021-ci il üçün proqnozlarda Yakobsen bildirmişdi ki, məsafədən iş rejiminə keçmə iri şəhərlərin məhvi ilə nəticələnəcək, ofislər boş qalacaq, kommersiya daşınmaz əmlakı dəyərdən düşəcək.
Bununla yanaşı, blokçeynin «feyk» xəbərləri məhv edəcəyi barədə proqnoz düz çıxmayıb. Yakobsen hesab edirdi ki, blokçeyn şəbəkəsi xəbərləri hamı üçün görünən edəcək və oxucunu ilkin mənbəyə yönəldəcək, nəticədə yalan məlumat yaymaq mümkün olmayacaq, amma hələlik bu baş verməyib.